Əbülfəs Qarayev Çində keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Las Veqas şəhərində 11-ci Qlobal Səyahət və Turizm Sammitində və Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək.
Bu barədə SİA-ya nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib. Sammitdə turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar və digər məsələlər üzrə müzakirələr aparılacaq.
Sammit çərçivəsində nazirin Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai ilə də görüşü planlaşdırılır.
Tədbirlər zamanı Ə. Qarayevi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov müşayiət edəcək.
Həmçinin nazirin, cari ilin 23-27 may tarixlərində Çin Xalq Respublikasında Azərbaycan Respublikasının Mədəniyyət Günlərində iştirak edəcəyi nəzərdə tutulub. Tədbirlərdə iştirak edəcək nümayəndə heyətinin tərkibinə həmçinin, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, eləcə də parlament və İcra Hakimiyyəti nümayəndələri də daxildir.
Mədəniyyət günləri çərçivəsində təşkil olunacaq tədbirlərdə rəsmi və işçi qrupla yanaşı məşhur solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Azərbaycan Dövlət Kamera Orkestrinin musiqiçiləri və media nümayəndələri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB