Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcəkdir. Opera və Balet Teatrının rəhbərliyi bu tamaşanı idarə etmək üçün məşhur italyan dirijoru Canluka Marçianonu dəvət edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, C.Marçiano hazırda Londonda yaşayır və İngiltərə kamera orkestrinin dirijorudur. Eyni zamanda o geniş qastrol fəaliyyəti ilə məşğul olur və dünyanın ən qabaqcıl opera və balet teatrlarında tamaşaları uğurla idarə edir.
Həmin gün tamaşada Aida partiyasında ilk dəfə olaraq Teatrın gənc və istedadlı solisti Çinarə Şirin debüt edəcəkdir. Radames rolunu Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq Artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili, əsas partiyalardan biri – Amneris rolunu isə Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyeva ifa edəcəklər.
Tamaşada həmçinin Opera və Balet teatrının aparıcı solistləri, Azərbaycanın Əməkdar Artistləri Əli Əsgərov, Əvəz Abdullayev və Əkrəm Poladov da çıxış edəcəklər.
Opera sənətinin əsl ulduzlarının iştirakı ilə keçiriləcək "Aida" operasının tamaşası heç şübhəsiz ki, həm teatrın yaradıcı fəaliyyətində, həm də şəhərin mədəni həyatında parlaq hadisəyə çevriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB