"İlin kitabxanası" müsabiqəsi başa çatdı

"İlin kitabxanası" müsabiqəsi başa çatdı

Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında kitabxanalar arasında "İlin ən yaxşı kitabxanası", "İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi", "Ən yaxşı kitabxanaçı", "Yaradıcı təkamül müəssisəsi" və digər nominasiyalar üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulub.

SİA-nın xəbərinə görə, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "İlin kitabxanası" müsabiqəsi haqqında Əsasnamə hazırlanmış və təsdiq edilib.

Sözügedən Əsasnaməyə müvafiq olaraq "İlin Mərkəzləşdirilmiş Kitabxana Sistemi, "İlin şəhər (rayon) uşaq kitabxanası", "İlin kənd, qəsəbə kitabxana filialı" nominasiyaları üzrə müsabiqə elan edilib.

Müsabiqədə kitabxanaların şəhərin, rayonun, kəndin ictimai həyatında fəal rolu, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi məsələləri, mütəxəssislərin peşəkar və yaradıcı potensialının inkişafına dəstəyi, sosial-mədəni proqramları, təhsil müəssisələri ilə birgə fəaliyyət proqramları, uşaqlarda elmə, mütaliəyə həvəs oyadan qarşılıqlı fəaliyyət proqramları və s. xüsusiyyətləri nəzərə alınıb.

Müsabiqə komissiyasının yekun rəyinə əsasən "İlin mərkəzi kitabxanası" nominasiyası üzrə - Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), "İlin uşaq kitabxanası" nominasiyası üzrə Şirvan şəhər MKS-nin Uşaq Kitabxanası, "İlin kənd kitabxanası" nominasiyası üzrə Salyan rayon MKS-nin Aşağı Kürkənd kitabxana filialı müsabiqə qalibləri elan ediliblər.

Müsabiqə qalibləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif pul mükafatları ilə təltif ediləcək, habelə sözügedən kitabxanaların mütəxəssisləri kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təşkil edilən beynəlxalq konfranslarda iştirakı dəstəklənəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə