İtaliyada keçirilən onlayn müsabiqədə ölkəmiz də təmsil olunub

İtaliya Beynəlxalq Festival Assosiasiyası – “MİFAssosiation” tərəfindən keçirilən “Sing at Home 2020” (“Evdə oxu”) adlı onlayn beynəlxalq müsabiqədə ölkəmiz də uğurla təmsil olunub. SİA-nın məlumatına görə, may-iyun aylarında gerçəkləşən onlayn müsabiqə COVID-19 pandemiyası dövründə müxtəlif ölkələrlə qarşılıqlı təcrübə mübadiləsini təmin etmək, uşaq və gənclər arasında dostluq münasibətləri yaratmaq, istedadlı uşaqları üzə çıxarmaq məqsədilə təşkil edilib. Müsabiqədə 30-dək ölkə təmsil olunub.

Yarışmanın münsiflər heyətində müxtəlif ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycandan Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) İnstrumental ifaçılıq kafedrasının müdiri, dosent Səbinə Mehdiyeva, Təhsil Nazirliyi 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin direktoru, Əməkdar müəllim Lalə Qəti də təmsil olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovanın rəhbərlik etdiyi, Aydan Vəzirovanın konsertmeysteri olduğu ADMİU-nun “Xəzər” xor kollektivi və universitetin tələbəsi Aydan Tağıyeva yarışmanın Qran-pri mükafatlarını qazanıb.

3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin yetirmələri də müsabiqədə uğur qazanıblar. Mərkəzin 13 dərnək üzvü “Vokal”, “İnstrumental ifa” nominasiyaları üzrə qalibiyyət əldə ediblər. Nəticələrə əsasən, saz ifaçısı Kənan Gülməmmədov Qran-pri mükafatına, nağara və mahnı ifalarına görə Mirelmir Seyidov və Cəmilə Məmmədli I yerə, 4 nəfər II, 8 nəfər isə III yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...