“Sahil Bağı”nda gül bayramı təntənəli şəkildə qeyd olunub- FOTO

“Sahil Bağı”nda gül bayramı təntənəli şəkildə qeyd olunub- FOTO
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi gül bayramı keçirilib. SİA-nın məlumatına görə, gül bayramı Səbail rayonunda yerləşən "Sahil Bağı"nda baş tutub.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkili Ziyad Səmədzadə və bir sıra dövlət rəsmiləri "Sahil bağı"nı gəzərək maraqlı gül ekspozisiyaları ilə tanış olaraq bayramın iştirakçıları ilə söhbətlər ediblər. Sonra Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilib, əl işləri onlara xoş təsir bağışlayıb. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanan müxtəlif fiqurlar arasında ümummilli liderimiz Heydər Əliyevlə bağlı kompozisiyalar, memar Ramiz Xəlfəliyevin təbii çiçəklərdən hazırladığı "Səbail" gəmisi, gənc rəssam Fərid Nəcəfovun təbii gül və ulu öndərin müxtəlif şəkillərindən yığılan kompozisiyası, Bakı- Tbilisi- Ceyhan neft kəməri marşrutunun, "Azərbaycan muğamı" əl işi bayram iştirakçılarının diqqətini xüsusilə cəlb edib.

Məlumat üçün bildirək ki, tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, "Qərb" Universiteti və bir sıra orta ümumtəhsil məktəbinin şagirdlərinin əl işləri nümayiş olunub.

Bayram tədbiri Səbail rayon orta ümumtəhsil və musiqi məktəblərinin kollektivlərinin çıxışı ilə başlayıb, müğənni Röyanın ifası isə tədbiri daha da maraqlı edib. Bütün gün ərzində Səbail rayonunun və ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin mədəniyyət saraylarının bədii kollektivləri paytaxt sakinləri və tədbirdə iştirak edən qonaqlar üçün rəngarəng musiqi və rəqs nömrələrindən ibarət konsert proqramları təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə