Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib

Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə Ə.Hüseynzadənin həyat və yaradıcılığından söhbət açıb və onun Azərbaycan musiqisinin inkişafında əvəzolunmaz xidmətlər göstərdiyini qeyd edib.

"Qeyd etmək lazımdır ki, Ədilə xanım öz musiqi karyerasını, musiqi həyatını dahi bəstəkarımız Üzeyir bəyin xeyir duası ilə başlayıb və bilavasitə onun tələbəsi olub. Ə.Hüseynzadə müxtəlif janrlarda çoxsaylı əsərlər yaradıb. Amma onların arasında ən məşhurları romanslarıdır və bu sahədə çox gözəl incilər yaradıb ki, dönə-dönə ifaçılarımız tərəfindən səsləndirilib",- deyə xalq artisti bildirib.

Çıxışının sonunda F.Əlizadə Şərqin ilk peşəkar bəstəkarı ilə bağlı arzusunu dilə gətirib: "Ədilə xanımın əsərləri bizim qurultaylarımızda, plenumlarımızda, festivallarda ifa olunur. Bizim böyük bəstəkarlar onun barədə gözəl sözlər deyir, musiqişünaslar onun əsərlərini yüksək qiymətləndirirlər. Bununla belə, çox istərdim ki, Ədilə xanımın musiqisinə daha çox diqqət yetirsinlər və onun tərcümeyi- halı, çox maraqlı taleyi barədə gözəl kitab yaransın. Bəstəkarlar İttifaqı olaraq, biz bu kitabın nəşr olunmasına dəstək verməyə hazırıq".

Daha sonra Azərbaycan Dövlət Simli Kvarteti- xalq artisti Uran Seyidov (I violino), Vaxtanq İmanov (viola), Vadim Sandler (II violino), Aleksey Miltıx (violonçel) bəstəkarın "Simli kvartet"ini ifa ediblər.

Beynəlxalq müsabiqə laureatı Fəridə Məmmədova və Ramil Qasımov Ə.Hüseynzadənin "Günəşdən gənclik istədim", "Bül-bül", "Qarayazı meşəsində", "Vəslin həvəsi", "Yadigar" romanslarını ifa ediblər. Tanınmış bəstəkar Elnarə Dadaşova isə onun "Fuqa"sını fortepianoda səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə