“Vətənimizə virtual səyahət” FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası koronavirus pandemiyası ilə bağlı “Vətənimizə virtual səyahət” layihəsini mütəmadi olaraq bir-birindən maraqlı videoçarxlarla davam etdirir. İdarədən SİA-ya bildirilib ki, “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regional quruluşa malik rayonlarına virtual səyahətlər təşkil olunub. Layihə əsasında hazırlanmış növbəti videoçarx Azərbaycanın şimal-qərb hissəsində yerləşən Ağstafa rayonuna həsr edilib.

Videoçarxda ilk olaraq, Ağstafa rayonu haqqında geniş ümumi məlumat əks olunur. Məlumatlar sırasında rayonun 1939-cu ildə təşkil olunduğu, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdiyi, 1990-cı il yenidən müstəqil rayon olduğu qeyd edilir. Videoçarxda bununla yanaşı, rayonun ərazisi, əhalisi, qəsəbələrinin siyahısı verilib və coğrafi yerləşdiyi ərazi də təsvir edilib.

Videoçarxda rayonun təbiəti ardıcıl və sistemli formada izləyicilərə təqdim olunur. Təbiətinin 3 min 519 hektarı meşəliklə əhatə olunur və əsas hissəsini Tuqay meşələri təşkil edir. Videoçarxda, həmçinin Qarayazı Dövlət Təbiət Qoruğundan da bəhs edilir.

Təbiətinin bir parçası olan və rayon ərazisindən axan çaylardan Kür və Ağstafaçayı, göllər sırasından isə Candargölün adı xüsusilə qeyd edilərək fotolarla əks olunur.

Ağstafa rayonunda məskən salan heyvanların siyahısı fotolarla birlikdə nümayiş olunur.

Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Videoçarxda abidələr tarixi dövrlərinə görə sistemli formada verilib. Paleolit düşərgəsi, Molla Nağı təpəsi kimi abidələr daş dövrünə, Böyüktəpə, Araçı təpə kimi abidələr tunc dövrünə, Tatlı Alban məscidi, Daşkəsəmən kəndində IV-VII əsrlərə məxsus yaşayış yerləri kimi tarixi abidələr isə orta əsrlər dövrünə daxil edilib. Təqdim olunan tarixi abidələr haqqında məlumat və onların fotoları ahəngdar formada təşkil olunaraq izləyicilər üçün nümayiş olunub.

Videoçarxda Ağstafa ərazisində əlli iki adda tarixi və mədəniyyət abidələrinin yer aldığı qeyd olunur. Abidələrdən ikisi dünya, otuz altısı ölkə, on dördü yerli əhəmiyyətlidir və bunlardan on ikisi tarixi memarlıq abidələri sayılır.

Hər bir rayonun torpağına bağlı olan özünəməxsus görkəmli və tarixi şəxsiyyətləri var. Hazırlanmış videoçarxda həmin şəxsiyyətlər arasında Azərbaycan xalq qəhrəmanı Qaçaq Kərəmin, Hüseyn Arif və Nəriman Həsənzadə kimi Azərbaycan xalq şairlərinin, Tariyel Qasımov və Sabir Məmmədov kimi Azərbaycan xalq artistlərinin adı da yer alır.

Ağstafa rayonu cürbəcür yeməkləri ilə fərqlənir. Videoçarxda Ağstafa mətbəxinə aid cücəli xəngəl, xəşil, bəhməz, çoban pörtləməsi, xüsusilə qeyd olunur.

Tarixi abidələrlə yanaşı rayon ərazisində bir çox müasir binalar və parklar yerləşir. Videoçarxda Aqro park, Gənclər mərkəzi, Azərbaycan parkı kimi müasir tikililər də əks olunur.

Videoçarxda yer alan musiqi Əmir Qazaxlı tərəfindən ifa olunan “Yaşa Ağstafa” mahnısıdır.

Təşkil olunan virtual turları “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və eyni adlı “YouTube” kanalında izləmək mümkündür.

“Vətənimizə virtual səyahət” layihəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...