Azərbaycan mədəniyyətinə ağır itki

Azərbaycan mədəniyyətinə ağır itki

Qocaman mədəniyyət işçisi Tahir Məmməd oğlu Əliyev 2020-ci il aprelin 20-də, 73 yaşında dünyasını dəyişib. SİA-ya bu haqda Nazirlikdən xəbər verilib.

Əliyev Tahir Məmməd oğlu 2 iyun 1947-ci ildə Ağdaş rayonunda anadan olub. Orta məktəbi Ağdaş şəhərində bitirdikdən sonra 1963-68-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun Xalq çalğı Alətləri şöbəsində tar ixtisası üzrə təhsil alıb. Sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1972-73-cü illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə tələbəlik dövründə başlayan Tahir Əliyev əvvəlcə N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunda tar müəllimi, 1974-1987-ci illərdə Qəbələ rayon Uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.

1987-ci ildə Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, 2003-cü ilədək bu vəzifədə çalışıb. 2003-cü ildən Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin vəzifəsində işləyib. 2004-cü ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunaraq yenidən Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Tahir Əliyev 2017-ci ildə Mədəniyyət Nazirliyinin regional idarələri yaradıldıqdan sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub və 9 yanvar 2019-cu il tarixinədək həmin vəzifədə çalışıb.

2009-cu ildə Tahir Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi qocaman mədəniyyət işçisi Tahir Məmməd oğlu Əliyevin vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə