Vətəndaşların təklifləri mədəniyyətin inkişafına həssas münasibətdən xəbər verir FOTOLAR

Mədəniyyət naziri Əbülfəs Qarayev Masallı rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlama verib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay regionlarda vətəndaşların qəbulu keçirilir və bu görüşlərdə vətəndaşlar tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərində məsələlər qaldırılır.

Bütün bunlar insanların mədəniyyətin inkişafına həssas münasibətini ortaya qoyur: “Bugünkü qəbulda da dəyərli təkliflər, müraciətlər səsləndirildi. Onların sırasında muzeylərdə uşaqlar üçün xüsusi proqramların tərtib olunması, ustad dərslərinin keçirilməsi, tarixi abidələrin qorunması, bərpa və konservasiyası kimi məsələləri əhatə edirdi. Qeyd edilən məsələlərin həlli ilə bağlı atılan addımlar mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verir”.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri və səfər zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə toxunub. Bildirib ki, bu il ərzində İtaliyada Azərbaycana həsr olunmuş silsilə tədbirlər keçiriləcək: “Bu tədbirlər həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi tərəfindən ilboyu davam etdiriləcək. Xüsusilə qeyd etmək istərdim ki, İtaliyada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. O, cümlədən İtaliyada təşkil olunan beynəlxalq tədbirlərdə də ölkəmiz fəal iştirak edir. İtaliyanın elmi, mədəni mərkəzləri ilə çox sıx əlaqələrimiz var. Bu yaxınlarda da nümayəndə heyətimiz növbəti dəfə Venesiyada keçiriləcək beynəlxalq tədbirə qatılacaq”.

***

Masallıya səfəri çərçivəsində nazir rayonunun bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə maraqlanıb.

Əbülfəs Qarayev ilk olaraq Masallı rayon Mərkəzi Kitabxanasının fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər və 49 kənd kitabxana filialı fəaliyyət göstərir. Kitabxanalarda oxucuların rahatlığını təmin etmək üçün lazımi şərait yaradılıb.

Masallı rayon onbirillik İncəsənət məktəbinə gələn nazirə məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məktəbdə tədris prosesi müasir tələblər səviyyəsində həyata keçirilir.

Əbülfəs Qarayev sonra Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində olub. Bildirilib ki, Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildə rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlayıb. Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş olunub. Respublikada muzeylərin yenidən qurulması sahəsində aparılan tədbirlər nəticəsində Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün müasir tələblərə cavab verən yeni bina inşa olunub. Hişkədərə kəndində yerləşən muzeyin eksponatları 2016-cı ilin may ayından rayon mərkəzindəki yeni binaya köçürülüb.

Nazir daha sonra Masallı Rayon Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, 1984-cü ildə yaradılan qalereyada 97 əsər saxlanılır. Onlardan 46-sı rəngkarlıq, 37-si qrafika, 7-si heykəltəraşlıq, digər 7-si isə tətbiqi sənət nümunəsidir.

Nazir mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə