Milli Arxiv İdarəsində Xocalı qurbanlarının xatirəsi anılıb

Milli Arxiv İdarəsində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. İdarədən SİA-ya bildirilib ki, tədbirdə Milli Arxiv İdarəsinin rəhbərliyi, İdarə aparatının şöbə müdirləri, Respublika dövlət arxivlərinin, Dövlət Arxivinin filiallarının rəhbərləri iştirak edib.

Tədbiri çıxış sözü ilə açan Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Xocalı soyqırımı, həmin dövrün tarixi, ictimai-siyasi vəziyyəti barədə məlumat verərək qeyd edib ki, 28 il əvvəl erməni silahlıları bir gecədə Xocalı şəhərini yer üzündən sildilər. Bu faciə zamanı Xocalı sakinləri, o cümlədən qocalar, qadınlar, uşaqlar qətlə yetirilib, onların cəsədləri təhqir olunub.
Bildirib ki, 1994-cü ilin fevralında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, fevralın 26-sı isə Xocalı Soyqırımı Günü elan olunub.

Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başladılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının uğurla davam etdirilməsini qeyd edən natiq, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Vurğulayıb ki, Xocalı soyqırımı indiyədək dünyanın 10-dan çox ölkəsi, Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatı tərəfindən tanınıb və pislənib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib. 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib.

Daha sonra İdarənin İnformasiya təminatı və Elektron xidmətlər Mərkəzi tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırlanan “Xocalı... unutmadıq...” adlı videoçarx nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...