“Baladadaşın toy hamamı” yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin müəllifi olduğu eyniadlı əsər əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediya yenidən fevralın 22-də teatrsevərlərin ixtiyarına veriləcək. SİA-nın məlumatına görə, teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir. Elə ilk premyera günündən indiyə qədər tamaşaçıların böyük marağına səbəb olan və mövsümün ən çox tələb edilən tamaşaları sırasında yer alan bu möhtəşəm səhnə əsəri görkəmli yazıçı Elçinin daxili dünyasının zənginliyinin bariz nümunəsidir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.

Səhnə əsərində rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev və başqaları ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə