“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatıb FOTOLAR
Ötən ilin dekabr ayının 1-dən bu il yanvarın 13-dək “Nargis” fondu tərəfindən Fəvvarələr meydanında təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatıb. Fonddan SİA-ya bildirilib ki, artıq yeddinci ildir keçirilən qış yarmarkasından əldə olunan gəlir 401.479 AZN təşkil edib. Ənənəyə sadiq qalaraq, toplanan ümumi gəlir müxtəlif diaqnozlu körpələrin müalicə və əməliyyatları üçün sərf olunub. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlarımız – uşaq evlərin sakinləri ziyarət ediblər.
Xeyriyyə yarmarkası ilə bağlı daha ətraflı məlumatı, xəstəxana fakturalarını və fond tərəfindən edilən bank köçürmələrini nargisfund.com saytımızdan əldə etmək olar.
Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Məhz o zaman bu gözəl ənənənin – “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının təməli qoyulub. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilib. 2019-cu ildən etibarən Novruz bayramına həsr olunan yaz yarmarkası “Torpaq əlimdə, bahar ürəyimdə” fond tərəfindən təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə