Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçiriləcək

Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçiriləcək
Martın 2-də saat 12.00-da Muzey Mərkəzinin akt zalında Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, sayt "Musiqi Dünyası" jurnalı redaksiyası tərəfindən muzeyin fondunda qorunan materiallar əsasında hazırlanıb.

Muzey sahəsi üzrə respublikada ilk dəfə olaraq 3D texnologiyaları əsasında tərtib edilən veb-saytın hazırlanmasını bu sahədə atılan mühüm addım hesab etmək olar. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və fondlarda qorunan eksponatların bir qisminin elektron variantı hazırlanaraq saytda yerləşdirilib. Zallar üzrə üç dildə virtual tur təşkil olunub.

Saytda SSRİ xalq artistləri Sidqi Ruhulla, Ədil İskənədrov, Hökümə Qurbanova, İsmayıl Osmanalı, xalq artistləri Həqiqət Rzayeva, İsmayıl Hidayətzadə, Şəmsi Bədəlbəyli, xalq rəssamları Əzim Əzimzadə, Bədurə Əfqanlı, Kamil Xanlarov, İsmayıl Axundov, Kazım Kazımzadə kimi bir çox sənətkarların şəxsi arxivləri, eləcə də respublikada fəaliyyət göstərən dövlət teatrlarına aid materiallar yerləşdirilib.

Layihə çərçivəsində XIX əsrin sonları XX əsrin əvvəllərinə aid müxtəlif tamaşaların səhnələrini əks etdirən şüşə neqativlər təmizlənib və saytda nümayiş olunur. Muzeyin fonoteka şöbəsində qorunan nadir video yazılar da saytda öz əksini tapıb. Bu bölmədə sənət ustalarının səs yazılarını, onlar haqqnda söylənilən xatirələri dinləmək, həm də bir sıra tamaşaları seyr etmək mümkündür.

Muzeyin kitabxana fondunda toplanan kitablar, o cümlədən elmi məqalələr, resenziyalar da işlənərək sayta təqdim olunub, materiallar ədəbi tənqid, musiqi, rəssamlıq, teatr tənqidi və bədii ədəbiyyat bölmələri üzrə yerləşdirilib. Gələcəkdə saytın mütəmadi olaraq yeni materiallarla zənginləşdirilməsi nəzərdə tutulub.

Təqdimat mərasimində Bakı şəhərinin muzey ictimaiyyətinin nümayəndələri, görkəmli teatr və musiqi xadimləri iştirak edəcəklər. Sayt "Musiqi Dünyası" jurnalının baş redaktoru, professor Tariyel Məmmədov tərəfindən təqdim ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə