Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib

Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib
Bu gün Abdulla Şaiqin Mənzil Muzeyində Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, AMEA-nın, Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzin, ADMİU-nun, Musiqi kollecinin, A.Şaiq adına kitabxananın, muzeylərinin əməkdaşları iştirak ediblər.

Tədbirdə muzeyin böyük elmi işçisi, dosent Minaxanım Əsədli çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd milli bədii fikir tarixində özünəməxsus yeri olan, qüdrətli ədibimiz, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha yad etmək, yaradıcılığını təbliğ etmək, bu yöndə fəaliyyət göstərən Mənzil Muzeyinin işini təqdim etməkdir.

Tədbirin davamında miniatür kitab muzeyinin direktoru Zərifə Salahova tərəfindən hazırlanan ədibin yeni "Tülkü həccə gedir" miniatür kitabı da təqdim olunub. Bununla yanaşı yubiley tədbirində həmçinin 20 yaşı tamam olan Mənzil Muzeyinin yaranması, fəaliyyəti, gördüyü işlərdən də bəhs olunub.

Mərasimdə A.Şaiqin əsərləri, şeirlərinə yazılan musiqi nümunələri səsləndirilib və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti T.Ağasiyev Z.İsmayılzadənin "Yad et" mahnısını, A.Zeynallı ad. Musiqi kollecinin muğam üçlüyü Şaiqin qəzəlləri üstündə muğam ifa ediblər.

Badamdar mədəniyyət evinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Babayeva, 189 saylı məktəbin şagirdləri Firdus Kərimzadə, Fuad Əhmədov, A.Şaiq adına 54 saylı məktəbin, Avropa liseyinin, H.Mahmudbəyov adına Texniki-humanitar liseyin şagirdləri Abdulla Şaiqin uzun müddət qadağan olunan türkçülük, repressiya dövrü yaradıcılığına müraciət edəcək, ədibin vətənpərvərlik və lirik şeirlərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə