Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı soyqırımının 19 - cu ildönümünə həsr olunan tədbir keçirilib- FOTO

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı soyqırımının 19 - cu ildönümünə həsr olunan tədbir keçirilib- FOTO
Bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı soyqırımının 19 - cu ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Xocalı Soyqırımını Tanıtma Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu, Xocalıdan olan məcburi köçkünlər Xocalı ilə bağlı söhbət aparıblar.

Xocalı Soyqırımını Tanıtma Birliyinin sədri Ş. Sabiroğlu çıxışında bildirib ki, bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər: "Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi".

Məktəblilər Xocalıya həsr olunan şeir parçaları ilə çıxış ediblər. "Günay" Uşaq Teatrının və "Aytam" Uşaqların Mədəni - Maarif İctimai Birliyinin şagirdlərinin ifasında Zəringiz Dəmirçi Qayalının "Cavab ver" poeması ifa olunub.

Tədbirdə həmçinin Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimova və "Qəhrəmanlıq" medalına layiq görülən Fərid Əhmədova həsr olunan "Biz Mübarizlərik" klipi nümayiş etdirilib.

Qeyd edək ki, klipin ssenari müəllifı və rejissoru əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbanidir.

Bütün xəbərlər Facebook səhifəmizdə