Qarabağ müharibəsinə həsr olunan “Hardasan oğul?” tamaşasının son məşqləri gedir - FOTO

Qarabağ müharibəsinə həsr olunan “Hardasan oğul?” tamaşasının son məşqləri gedir - FOTO
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Vaqif Əlixanlının 2 hissəli milli faciələrimizdən bəhs edən "Hardasan oğul?" tamaşasının son məşqləri gedir. Bu barədə SİA-ya tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu bildirib. Onun sözlərinə görə, bu tamaşa Qarabağ müharibəsinin ilk illərinə həsr olunub.

"Azərbaycan xalqının ən böyük problemi Qarabağdır. Ona görə də məmurlarımız, siyasətçilərimiz, incəsənət işçilərimiz bu faciəni özlərinin ali məqsədi bilməli və torpaqlarımızı erməni faşistlərindən geri almaq üçün millətimizi bu müqəddəs işə, amala ruhlandırmalıdırlar", - deyə o bildirib.

A.İdrisoğlu onu da vurğulayıb ki, Qarabağ müharibəsinə həsr olunan bu tamaşada erməni və rus birləşməsi, eləcə də sapı özümüzdən olan baltaların, pul alıb torpaqlarımızı ermənilərə satan üzdəniraq azərbaycanlılar kəskin tənqid olunur: "Qorxudulan əhali də torpaqları qoyub qaçmağa məcbur olur. Kəndin ağbirçəyi olan Sədət qarı kənddən qorxuya düşüb qaçan camaatın qarşısını ala bilmir və onlar qalıb öz kəndlərini qoruyurlar".

Çok kəskin konfliktlər üzərində qurulan "Hardasan oğul?" tamaşasının quruluşçu rejissoru Ağalar İdrisoğlu, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur.

Rollarda əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Nübar Novruzova, akytorlar Gülər Nəbiyeva, Sərvər Əliyev, Elxan Qurbanov, Sabir Məlikov, Ədalət Əbdülsəmədov, Rəşad Səfərov və başqaları çıxış edəcəklər.

Tamaşanın quruluşçu rejissoru onu da qeyd edib ki, səhnə əsəri "Xocalı soyqırımı" ərəfəsində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə