"Nəsiminin şeirləri böyük ideyalara xidmət edirdi" - ÖZƏL

"Nəsiminin şeirləri böyük ideyalara xidmət edirdi" - ÖZƏL

Şair Əjdər Ol bu ilin "Nəsimi ili" elan olunmasını yüksək qiymətləndirib. SİA-ya açıqlamasında şair deyib ki, bu günlərdə Azərbaycan Yazıçılar Birliyində "Nəsimi ili" ilə bağlı mühazirə də keçirib.

Əjdər Ol bidirib ki, mühazirənin məqsədi Nəsiminin kütləvi baxımdan anlaşılmasıdır: "Alim, yazar, şair haqqında verilən qərarlarda məqsəd diqqəti onların üzərinə yönəltməkdir. Cənab prezidentin sərəncamının Nəsiminin müəyyən qədər tanınmasında böyük rolu var. Nəsimi digər klassiklərlə müqayisədə çətin anlaşılan, çətin dərk olunandı. Təbii ki, bu işdə təşkil olunan tədbirlərin də əhəmiyyəti böyükdür. Nəsimini sona qədər dərk etmək, anlamaq mümkün deyil. Onu da deyək ki, Nəsiminin şeirləri böyük ideyalara, böyük məqsədlərə xidmət edirdi. Hürufilər həm də dövlət, yeni cəmiyyət arzusunda olanlar idi. Lakin bütün bu səbəbləri bir kənara qoyub onun şeirlərindəki türk dilinə, duruluğa, ilahi qatda olan metaforalara diqqət etsək, Nəsiminin ədəbiyyatımız üçün böyük bir irs olduğunu anlamaqda çətinlik çəkmərik. Onun Allah, peyğəmbərlər, göy üzü, yer üzü haqqında ideal təfəkkürü var idi. Hürufilər rəqəmlərə və hərflərə diqqət edir, Allahı insan simasında oxuyur, Qurandakı rəqəmlərin anlamını açırdılar. Nəsimi və digər hürufilər təkcə Azərbaycan ərazisində deyil, həm də İraq, Türkiyə, Suriyada da getdikcə tanınır və hürufiliyin coğrafiyasını genişləndirirdilər. Bəzi hürufilərin türkcə, bəzilərinin farsca, bəzilərinin ərəbcə qəzəllər yazması buna imkan yaradırdı. Bu baxımdan həm Nəiminin "Cavidannamə"si, həm Nəsiminin bütün yaradıcılığı bizə həm də ona görə lazımdır ki, o dövrün tarixi və ictimai-sosial problemləri ilə də tanış ola bilirik".

Bütün xəbərlər Facebook səhifəmizdə