Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri olan Ziyadxan Əliyevi 40 ildən çoxdur ki, təsviri sənətimizin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığını ardıcıl araşdırmaları ilə yerli və xarici ölkələrin mətbuatında təbliğ etməkdədir. SİA-nın məlumatına görə, onun ABŞ, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə mətbuatında elmi-publisistik məqalələri çap olunub. Ziyadxan Əliyev hər zaman çox cəsarətli sənətşünas kimi əsl sənət fədailərindən yazıb.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Rəssamlar İttifaqında toplantı keçirilib.Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Ziyadxan Əliyevin yaradıcılığından söz açaraq bildirib ki, Ziyadxan Əliyev 20-dən çox monoqrafiyanın və yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. O, həm də Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki “Tənqid və sənətşünaslıq” bölməsinin sədri kimi milli incəsənətimizi fəal şəkildə nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda da təbliğ etməkdədir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, şair-publisist Azər Abdulla və başqaları vurğulayıblar ki, Ziyadxan Əliyev müasir Azərbaycan sənətşünaslığında təsviri sənətin ən müxtəlif problemləri haqqında dolğun və ətraflı tədqiqat işi aparan, tədqiqatlarını çoxsaylı kitablar, məqalələr və kataloqlar şəklində ictimaiyyətə təqdim edən alim kimi tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB