Teatrda ən çətin işlərdən biri... - Portret cizgiləri

Teatrda ən çətin işlərdən biri... - Portret cizgiləri

Ələsgər Muradxanlı: “Teatrın spesifik xüsusiyyətlərindən biri onun canlı sənət olmasıdır”

Teatrda aktyor truppasının müdiri ən çətin sahələrdən biridir. Çünki bu sahəyə rəhbərlik edən insan yüksək təfəkkürə malik olmaqla yanaşı, insan psixalogiyasını dərindən bilməli, yüksək təşkilatçı olmalı, insanlarla tez dil tapmağı bacarmalı, teatr sənətini dərindən bilməli, tamaşaları təhlil etməyi yaxşı duymalı və işlədiyi teatrı peşəkarcasına lazım olan yerlərdə təbliğ etməyi bacarmalıdır. Bir vaxtlar, yəni dünya və Azərbaycan teatrı təşəkkül tapdığı ilk vaxtlarda çox vaxt teatrın ən aparıcı aktyoru teatrın truppa müdiri olurdu. Çünki yüksək şəxsiyyəti və böyük istedadı olan həmin sənətkarları aktyorlar sevməklə yanaşı, həm də ona çox inanırdılar. Bu gün də hansı teatrın aktyor truppasının müdirində yuxarıda dediyim həmin keyfiyyətlər varsa o teatrın işləri yaxşı gedəcək və aktyor heyyəti arasında mehribançılıq, işə maraq çox olacaq.

Mən peşəkar teatr aləmində çalışdığım 43 il müddətində və teatrlara rəhbərlik etdiyim 26 illik həyat tarixçəmdə yuxarıda saydığım keyfiyyətləri olan çox az truppa müdiri görmüşəm. Bu da ondan irəli gəlib ki, teatr rəhbərlərinin çoxu bu sahəyə adi bir iş kimi baxıblar. Amma onlar bilməyiblər ki, teatrda bu sahə həqiqətən insandan böyük istedad tələb eləyir. Bax, belə bacarıqlı truppa müdirlərindən biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Truppa müdiri Ələsgər Muradxanlıdır. Onunla bir teatrda çalışdığım 8 il müddətində həmişə Ələsgər Müradxanlını işgüzar, yaradıcı kollektiv arasında böyük mehribançılıq yaradan, kollektivi öz ardınca apara bilən, onları işə həvəsləndirən, ən çətin məqamlarda belə özünü itirməyən, ən problemli məsələləri tez və asanlıqla həll edən görmüşəm. Bax teatrın bu sahədə bəxti gətirib. Ona görə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi ərəfəsində belə bir maraqlı insanla oxucularımızı daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Ələsgər Calal oğlu Muradxanlı Azərbaycan ədəbiyyatına, incəsənətinə və mədəniyyətinə böyük töhvələr vermiş, tanınmış şəxçiyyətlər yetirmiş bir məkanda Ağdam rayonunun Gülablı kəndində 1964-cü ilin 10 iyul tarixində anadan olub. Elə ilk təhsilini də həmin kənddəki məşhur tarzən Qurban Pirimov adına orta məktəbdə alıb. 1988- ci ildə Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Texnikumunun qarmon şöbəsini bitirib. Elə həmin ildə də Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsinin teatr rejissorlu şöbəsinə daxil olub və 1993-cü ildə həmin təhsil ocağını bitirib. 1993- cü ilin sentyabr ayının 1- dən taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə bağlayıb. Belə ki, həmin gündən bu teatrda Truppa müdiri vəzifəsində çalışmağa başlayıb. Artıq 26 ildir ki, Ələsgər Muradxanlı bu çətin işə böyük uğurla rəhbərlik edir. O, ailəlilidir və Məhinbanu adlı bir qız övladı da var.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi ərəfəsində biz Ələsgər Muradxanlı ilə həmsöhbət olduq.

İlk öncə onu vurğulayım ki, baxmayaraq Ələsgər Calaloğlunu uzun illərədir ki, tanıyıram, amma onunla həmsöhbət olduğum həmin zaman, özünün yüksək düşüncə tərzinə, məntiqli cavablarına, ədəbiyyatı, incəsənəti dərindən bilməsi ilə elə bil ki, onu yenidən kəşf elədim.

-Siz səhnə üçün yaxşı istedadlı, uca boylu, qaltan səsli, yaraşıqlı bir gənc olduğunuz halda niyə aktyorluğu yox, inzibatı sahəni seçdiniz?

-İndiki kimi yadımdadır. 1974-cü il idi. 4-cü sinifdə oxuyurdum. Bizi məktəbdən teatra apardılar. Ağdam şəhərinin mərkəzində Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı yerləşirdi. Orada Abdulla Şaiqin “El oğlu” tamaşası göstərilirdi. Məndə teatra maraq bax bu tamaşaya baxandan sonra yarandı. Səhnədə göstərilənlər sanki məni bu aləmdən alıb apardı və sehirli bir dünyaya qovuşdurdu... Mən yenə teatra gəlmək istədim. Sanki teatr məni öz sehrli aləminə cəlb etmişdi. Və sonralar mütamadi olaraq tamaşalara gedib baxırdım. Əsasən də Əməkdar artist Tofiq Qarayevin iştirakı ilə olan tamaşalara. Mənə bu sənəti sevdirən də məhz həmin aktyor olmuşdu. O, Allah vergisi olan çox böyük sənətkar idi. Əfsus ki, taleyi çox böyük faciə ilə sona yetdi. Lazım olan qiymətlərini də almadı. Ağdam Dövlət Dram Teatrında baxdığım sonuncu tamaşa Ağalar İdrisoğlunun quruluşunda Cəfər Cabbarlının “Oqtay Eloğlu” tamaşası oldu. Bu tamaşaya baxandan sonrta tam qət elədim ki, mən teatr sahəsində çalşacam. Çünki həmin tamaşada rejissorun peşəkar quruluşunda bütün aktyorlar öz rollarını yüksək səviyyədə oynayırdılar. Bu tamaşa ağdamlıların ən çox baxdığı tamaşalardan biri idi.

Beləliklə, 1988- ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti-A.İ) qəbul oldum. Elə həmin vaxtdan da mənə Bakı teatrları ilə tanışliq nəsib oldu. Tələbə vaxtı tez-tez teatrlara gedib tamaşalara baxirdım. Nəhayət 1993- cü ildə Universiteti bitirdim. İstəyim vardı kı, Ağdama gedim doğma teatrımızda işləyim. Bu o vaxt idi ki, Ağdam erməni işğalçıları tərəfindən zəbt edilmişdi. Teatr da Bərdəyə köçmüşdü. Demək olar ki, fəaliyyət göstərmirdi. Ona görə də mən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına gəldim. O vaxt teatrın direktoru rəhmətlik Kamal Əzizov məni işə qəbul elədi. Mənə teatrda truppa müdiri vəzifəsində işləməyi təklif etdi. Mən teatrla daha yaxından tanış olacağımı, aktyorlarla işləyəcəyimi biləndə sevindim və bu vəzifədə işləməyə razılaşdım. Və beləcə işə başladım.... İllər keçdi. Bu işə elə alışdım ki, bir il, üç il, beş il... Beləcə, illər ötdü və artıq bu işdə işləməyimin sentyabr ayının 1-də 26 ili tamam oldu. Qaldı ki, sizin sualınızın əsl cavabına ki, niyə aktyor işləmədim. Açığı mən deyərdim ki, aktyor sənəti mənim üçün ən yüksək bir sənətdir. Bu sənətdə çalışan ya birinci olmalıdır, ya da bu sənətdə işləməməlidir. Mən də baxmayaraq ki, ali məktəbdə oxuyanda rejissor sənətilə birlikdə aktyor kimi də rollar oynamışam. İndi də ayrı-ayrı televiziya seriallarında, kinofilmlərdə çəkilirəm. Amma rejissorluğa marağım daha çox idi. Teatrda işə başlayanda truppa müdiri vəzifəm rejissorluğa da üstün gəldi və mən bu günə kimi də bu vəzifədə çalışıram. Həmişə fikirləşirəm ki, ən böyük dövlət xadimi, nazir, məmur olmaq olar, amma aktyor hər kəs ola bilməz. Bunun üçün xüsusi fitri fstedad və böyük zəhmət lazımdır. Yəqin ki, qismət belə imiş. Mənim taleimə də bu vəzifədə çalışmaq yazılıbmış...

-Uzun illərdir ki, Dövlət Gənc Tamaşaçılar Teatrında işləyirsiniz. Yaddaşınızda teatrın hansı korifeyləri qalıb? Xahiş edirik, onların iş metodundan, insani keyfiyyətlərindən danışın.

-Bəli, mən teatra gələndə truppada korifey sənətkarlar çalışırdı. İndi onların çoxu tarixin yaddaşına qovuşublar. Amma bu gün də onlar tez-tez xatırlanır. Nə qədər ki, Azərbaycan xalqı var, teatr var, onlar da teatrsevərlərin qəlbində həmişə yaşayacaqlar. Çünki, onlar Azərbaycan teatr və kino aləmində elə bir möhtəşəm iz qoyublar ki, bu iz heç vaxt silinməz.

Artıq dünyalarını dəyişən və mənimlə birlikdə işləyən- Məxfurə Yermakova, Yusif Vəliyev, Firəngiz Şərifova, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Məmmədağa Dadaşov, Süsən Məcidova, Osman Hacıbəyov, Həsən Əbluc, Solmaz Qurbanova, Rəhilə Məlikova, Firdovsi Naibov, Xuraman Hacıyeva, Gülşən Qurbanova, Mübariz Əlixanoğlu, Əlisəftər Quliyev, Niyazi Əhmədov, Azər Mirzəyev, Elxan Qurbanov, Kubra Dadaşova, Rafiq Hüseynov... Onların hər biri bir məktəb idi. Onları xatırladıqca, kino lenti kimi hamısı gəlib adamın gözünün qabağından keçir. Onların səsləri, danışıqları, mimikaları, xarakterləri hamısı qeyri-adi, mocüzəli, sehrli idi. Mənim işimin əsas xüusiyyətlərindən biri də aktyor psixologiyasını dərindən bilməkdir. Yaradıcı insan olan aktyorla yaxşı münasibət qurmaq lazımdır. Aktyorlar var ki, onlardan tələb edirsən, bəzilərindən xahiş edirsən, bəzilərinə vəd verirsən. Və beləcə qarşılıqlı münasibət qurulur. Mən, teatrın bütün incəliklərini, aktyorlarla, aktrisalarla necə davranmağı da bu korifey sənətkarlardan öyrənmişəm. Ona görə də onlara həmişə Ulu Tanrıdan rəhmət diləyirəm. Onların hər biri teatrımızın şanlı tarixidir.

-Teatrın aktyor truppasına rəhbərlik etmək çox çətun sahədir. Bu iş sizi yormur ki?

- Bəli. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, teatrda aktyor truppasına rəhbərlik etmək ən çətin sahədir. Bütün bunların öhdəsindən bacarıqla gəlmək böyük səbir, təmkin və qeyri-adi bacarıq tələb edir. Tamaşanın hazırlanmasının bir ayrı və cavabdehli çətinliyi var. Belə ki, tamaşa təhvil verildikdən sonra repertuara salınır. Bundan sonra tamaşalar təkrarən oynanılmalıdır. Bu prosesin də öz çətinliyi, cavabdehliyi var. Kino belədir ki, bir dəfə çəkilir və həmişə göstərilir. Bununla da inzibati işlərin hamısı qurtarır. Amma teatrda yox. Elə tamaşalar var ki, repertuarda 10 il, 15 il oynanılır. Hər dəfə də bu tamaşaları təşkil etmək özü çətin bir prosesdir. Çünki elə olur ki, həmin tamaşada oynayan aktyorlar, aktrisalar dünyalarını dəyişir, ya da işdən çıxırlar. Həmin rolları yeni aktyorlara, aktrisalara verib, onlarla məşq etmək lazımdır. Bu da çox çətin və səbr tələb edən işdir. Əvvəl oynayan aktyorlar yeni aktyor və aktrisalarla məşq edən vaxtı çox səbirsiz olurlar. Məşqi elə-belə edirlər. Bunu görən və tamaşaya əlavə olunan aktyor və aktrisalar da həvəsdən düşür, məşq etmək istəmirlər. Bax belə məqamda gərək Truppa müdiri və tamaşanı məşq edən rejissor o qədər müdrik və səbirli olmalıdırlar ki, tamaşada məşq edən bütün kollektivi işə həvəsləndirməyi bacarsın. Bu iş, artıq orduya rəhbərlik edən və həmin ordunu müharibəyə aparan generalın işinə bərabərdir.

-Bu vaxta qədər işlədiyiniz direktorlar, baş rejissorlar, quruluşçu rejissorlar haqqında nə deyə bilərsiniz?

-Mən teatra gələndə teatrın direktoru Kamal Əzizov, baş rejissor isə Ağakişi Kazımov idi. Rejissorlardan Cənnət Səlimova, Vaqif Əsədov, Ağalar İdrisoğlu, Bəhram Osmanov, Loğman Kərimov, Nicat Kazımov və xarici olkələrdən teatrımıza dəvət olunmuş bir sıra rejissorlarla işləmişəm. Gənc rejissorlardan Elşad Rəhimzadənin, Gülnar Hacıyevanın, Ayla Osmanovanın son illərdə hazırladıqları tamaşalar uğurla teatrın cari repertuarına daxil olub. Hazırda teatrımıza Naidə xanım İsmayılzadə direktor təyin olunub. Teatrı, yeniliyi sevən, gənclərə ümid bəsləyən, yüksək təfəkkürlü bir xanımdlr. Mən inanıram ki, Naidə xanımın rəhbərliyi altında teatrın potensialı və bədii yaradıcılıq keyfiyyəti daha da yüksələcək. Çünki Nahidə xanım uzun illər Lənkəran Dövlət Dram Teatrına rəhbərlik etmiş, dəyərli ziyalı, özü maraqlı rejissor olmuş, Əməkdar incəsənət xadimi Məbud İsmayılzadənin ailəsində dünyaya gəlib. Uzun illər Azərbaycan Mədəniyyət Nazirliyində teatr və incəsənət şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyib. Deməli, həmişə teatrlarla, incəsənət kollektivlərilə təmasda olub. Xarici ölkə teatrları ilə mütəmadi əlaqə saxlayıb. Dünyanın ən aparıcı teatrlarının Azərbaycana dəvət olunub, tamaşalar oynamasında əsas təşkilatçılardan biri də məhz Nahidə xanım olub. Teatr işinin incəliklərini çox yaxşı bilir. Ona görə də mən inanıram Naidə xanım öz işilə teatra kriativ yeniliklər gətirəcək və kollektivi layiqincə öz ardınca aparmağı bacaracaq.

-Teatrda ömrünün 50-60 ilini yaradıcılıqla məşğul olan yüksək sənətkar olan aktyor və aktrisalar var. Onlar haqqında nə deyə bilərsiniz?

-Gənc Tamaşaçılar Teatrında böyük aktyor truppası çalışır. Burada doxsana yaxın aktyor və aktrisa işləyir. Hətta 80 yaşı olan aktyorlar da teatrda çalışır. Ömrünün 50-60 ilini teatra sərf etmiş aktyorlar bu gündə gənclərlə çiyin- çiyinə çalışırlar. Hazırda teatrda çalışan, cahlı korifeylər Xalq artistləri Tariel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Qəmər Məmmədova, Nübar Novruzova, Rahib Əliyev, Atabala Səfərov, Vahid Əliyev, Kəmalə Hüseynova, Nəsibə Eldarova, Elşən Rüstəmov, Elşən Çarhanlı, Elnur Kərimov, Rasim Cəfərov, Şövqü Hüseynov, Leyli Vəliyeva, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov sənətdə öz sözlərini demiş aktyorlar, aktrisalardır. Eləcə də fəxri adı olmayan çoxlu istedadlı aktyorlar, aktrisalar var ki, onların hər biri teatrın brendidir. Teart o vaxt əsl teatr olur ki, teatrın həm yaşlı nəsli, həm orta nəsli, həm də gənc nəsil birlikdə tamaşalarda çıxış edirlər və öz sənətlərilə mötəşəm tamaşanın yaranmasına çalışırlar. Maraqlı bir ansambl təşkil edirlər.

-Dövlət Gənc Tamaşaçılar Teatrının çox istedadlı aktyor truppası var. Bir Truppa müdir kimi onlar haqqında, insani keyfiyyətləri, yaradıcılığı haqqında nə deyə bilərsiniz?

-Bizim teatrın aparıcı qüvvəsi orta nəsil və gənclərdən ibarət olan aktyor heyətidir. Bildiyiniz kimi teatrda həm kiçik yaşlı uşaqlar, həm yeniyetmələr və gənclər, həm də böyük yaşlı tamaşaçılar üçün tamaşalar hazırlanır. Uşaq tamaşalarında rol oynamaq böyüklər üçün olan tamaşalarda oynamaqdan qat- qat çətindir. Hazırda teatrda çalışan istedadlı gənclər bu işin öhdəsindən çox uğurla gəlirlər.

Əməkdar artistlər Qəmər Məmmədova, Elşən Rüstəmov, Nicat Kazımov, Şövqi Hüseynov, Elşən Çarhanlı, Leyli Vəliyeva, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Elnur Kərimov, İlham Əsədov, Rasim Cəfərov, artistlərdən Mehriban Abdullayeva, Xalidə Şərifova, Məhərrəm Musayev, Günel Məmmədova, Anar Seyfullayev, Anar Səfiyev, Zemfira Əbdülsəmədova, Yasəmən Malik, Təhminə Məmmədova, Kərəm Hadızadə, Ədalət Əbdülsəməd, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Vahid Orucoğlu, Asya Atakişiyeva, Mehriban Hüseynova, Elnur Hüseynov, Eyvaz İbrahimov, İradə Rəşidova, Elşən Şıxəliyev, Səbinə Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Bəhram Həsənov, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Mirzağa Mirzəyev, Xəyalə Meydanova bu gün teatrın repertuarında olan demək olar bütün tamaşalarda çıxış edirlər. İnanıram ki, teatrımızın sabahı bu aktyorlarla, aktrisalarla çox irəli güdəcək. Eləcə də tamaşaların assistentləri- Sona Mustafayeva, Günay Qasımova, Sevda Hacışəmiyeva, Orxan Vahidoğlu həmin tamaşaların idarə olunmasında böyük işlər görürlər.

-Qarşıdan teatrın 90 illik yubileyi gəlir. Uzun illər tetrda çalışan bir insan kimi bu haqda arzularınız, istəkləriniz nədir?

-1928-2018-ci illər Azərbaycan teatr tarixinin ən maraqlı illəridir. Belə ki, 1928-ci ildə fəaliyyətə başlayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu 90 il müddətində respublikamızın teatr aləmi üçün çox böyük və tarixi işlər görüb. Bəli, bu il teatrımızın 90 yaşı tamam olur. Bu illər ərzində görün neçə- neçə aktyor və tamaşaçı nəsli dəyişib. Lakin teatr yaşayır və inkişaf edir. Artıq teatrımızda yubileylə bağlı hazirlıq işlərinə başlanılıb. Tədbirin rejissorluğu Xalq artisti, teatrımızın quruluşçu rejissor Vaqif Əsədova həvalə olunub. Əlbəttə ki, bütün bunlar Naidə xanım İsmayılzadənin rəhbərliyi altında baş tutacaq. Naidə xanım ilk təyin olunduğu gündən qeyd etdi ki, “Bizim hədəfimiz 90 illik yubileydir”. Yubiley teatrsevərlər üçün bir bayramdır. Teatr üçün isə bir hesabatdır. Ötən illərə qayıtmaq , keçdiyin yola nəzər salmaqdır. Yəqin ki, bizim teatrın bayramı da yüksək səviyyədə olacaq. Arzum budur ki, bu yubileydə teatrda böyük əməyi, zəhməti olanlar özlərinin layiqli qiymətlərini alsınlar. Onlara fəxri adlar, orden, medallar verilsin. Axı teatrda çalışan hər bir insanın ən böyük mükafatı onun fəxri ad, orden, medal almasıdır.

-Ümumiyyətlə uzun illər Azərbaycan teatrında çalışan bir insan kimi bugünkü teatrlara baxışınız necədir?

-Əvvəllər belə bir müzakirə vardı, TEATR - dünən, bu gün, sabah. Teatrın dünəni artıq tarixə çevrilib, yaddaşlara qovuşub. Teatr bu gününə görə, dünəninə borcludur. Teatrın intibah dövrü də olub, enən dovrü də. Amma teatr həmişə yaşayıb və yaşayır. Bilirsiniz nəyə görə? Çünki teatrın spesifik xüsusiyyətlərindən biri onun canlı sənət olmasıdır. Bu gün nə qədər internet, sosial şəbəkələr artsa da, insanların həmişə cahlı ünsiyyətə böyük ehtiyacı var. Buna görə də mən inanıram və qətiyyətlə deyirəm ki, teatr həmişə yaşayacaq, teatrsevərləri yeni- yeni tamaşalarla sevindirəcək. Azərbaycan teatrı bu gün inkişaf mərhələsindədir. Başda nazirimiz cənab Əbülfəs Qarayev olmaqla, Mədəniyyət Nazirliyində çalışanların hamısı bu müqəddəs işin daha da inkişaf etməsinə layiqincə xidmət edirlər. Yaşasın TEATR!

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə