Nazirlə səfir arasında görüş keçirilib

Nazirlə səfir arasında görüş keçirilib

Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Peru Respublikasının ölkəmizdəki səfiri xanım Mariya Milaqros Kastanyon Seoane arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlıq, qarşılıqlı layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib. Görüş zamanı həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Peru Respublikası Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzaya hazır olduğu bildirilib və xanım səfir sazişin imzalanması məqsədilə Əbülfəs Qarayevi Peruya səfərə dəvət edib.

Əbülfəs Qarayev, öz növbəsində Peru tərəfini cari ilin 25-26 oktyabr tarixlərində keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu və 2019-cu ildə ölkəmizdə təşkil olunacaq V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində, xüsusilə arxeoloji qazıntılar, incəsənət və memarlıq sahələri üzrə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb.

Sonda səfir səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın məhsuldar olacağına inamını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə