Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Azerbaijan İnternational" jurnalının növbəti nömrəsinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, AYB-nin sədri, Xalq Yazıçısı Anar bildirib ki, jurnalın son nömrəsinin Azərbaycan dilində nəşr olunması sevindirici haldır. Natiq deyib ki, jurnalın bu nömrəsi dünyada məşhur olan "Əli və Nino" romanına həsr edilib. Jurnalın baş redaktoru xanım Betti Bleyerin tədqiqatı Qurban Səid təxəllüsü ilə qələmə alınan romanın əsl müəllifinin kimliyinə yeni faktlarla işıq salıb.
Tədbirdə iştirak edən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev jurnalın fəaliyyətini yüksək qiymətləndirib.
Mərasimdə jurnalın baş redaktoru Betti Bleyer çıxış edərək vurğulayıb ki, son 6 ildə apardığı tədqiqatlar nəticəsində "Əli və Nino" əsərinin həqiqi müəllifini tapıb. Araşdırma müəllifi təkcə Azərbaycanda deyil, eyni zamanda Tbilisi, Vyana, İstanbul və ABŞ-da da tədqiqatlar aparıb.
Müəllif onu da qeyd edib ki, "Əli və Nino" əsəri ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilib. Bu əsərin indiyədək dünyanın 33 dilində 100-ə yaxın nəşri mövcuddur.
Qeyd edək ki, əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilib. Rəsmi sənədlərə əsasən, Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin hüquqi müəllifi Elfrida fon Ehrenfels hesab olunub. Lakin tədqiqatlar və uzlaşmalar əsərin Yusif Vəzir Çəmənzəminliyə məxsus olduğunu göstərib.
Tədbirin sonunda Y.V.Çəmənzəminlinin nəvəsi Yusif Vəzirov babasının xatirəsinə bəslədikləri ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB