Anar: "Yazıçı ola bilməyənlər, cızma-qara ilə məşğuldurlar" MÜSAHİBƏ
Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anarın müsahibəsini SİA oxucularına təqdim edirik:
- Hazırda yeni kitab üzərində işləyirsinizmi?
- Mən hər zaman yeni kitablar yazıb, oxucuların ixtiyarına verməyi planlaşdırmışam. Rus dilində bir neçə il öncə kitabım işıq üzü görmüşdü. Hazırda həmin kitabım Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan dilinə çap olunacaq.
- Müsahibələrinizdə söyləmisiniz ki, kitablarınızı öz pulunuzun gücünə çap etdirirsiniz. Bu doğrudurmu?
- Bəli, kitablarımın çap olunması üçün pulu özüm ödəyirəm.
- Azərbaycanda yazarların sayı günü-gündən çoxalır. Buna münasibətiniz necədir?
- Bu çox pis haldır. Müsbət qarşılamıram. Çünki yazarların sayı artır, yazıçıların yox. Əlinə qələm alan hər kəs elə bilir ki, yazı yaza bilər. Bu “yazarlar”ın çoxalmasında etiraf edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin günahı çoxdur. Çünki yazıçı olmayan insanlar Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Mənim qəbul etmədiyim yazıçılar şeirlərini yazıb gətirirlər ki, hansısa tənqidçi bunu bəyənib. Biz də buna görə həmin yazarı Azərbaycan Yazıçılar Birliyinin üzvü edirik. Azərbaycan Yazıçılar Birliyinin 2 mindən çox üzvü var. Amma mən deyə bilmərəm ki, həmin kəslərin hamısı yazıçıdır. Amma çox yaxşı yazıçılarımız da var. Həmin yazıçılar içərisində yaşlı və gənc nəslin nümayəndələri var. Biz gənc nəsilə dəstək olmalıyıq ki, gələcəkdə Azərbaycanın ədəbiyyatını zirvələrə qaldırsınlar.
- Pul qazanmaq üçün Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq istəyən yazarlar varmı?
- Belə insanlar kifayət qədərdir. Kim ki yazıçı və şair ola bilmir, cızma-qara ilə məşğuldurlar. Bu şəxslər bütün qəzəblərini Azərbaycan Yazıçılar Birliyinə yönəldirlər.
- Azərbaycan Yazıçılar Birliyinə aqressiyası olan insanlara necə cavab verərdiniz?
- Mən öz əsərlərimlə onlara cavab verirəm. Amma istedadlı gənc yazarlara dəstək olmaqla pisləri kölgədə qoymaq lazımdır. Bilikli gənclərə kömək etmək lazımdır. İstedadı olmayanlar onsuz da özlərinə başqa yol tapacaqlar. Yazıçı olmayanlar həyasızlıq edir, özlərini güclə ədəbiyyata pərçimləmək istəyirlər. İstedadlı şəxslər isə iddialı olur. Belə kəslərin dəstəyə böyük ehtiyyacı var.
- Yazıçı olmaq üçün nə etmək lazımdır?
- Yazıçı olmaq üçün sənin ürəyin dolu olmalıdır ki, onu vərəqə köçürdəsən. Yoxsa sən yazıçılığı şöhrət qazanmaq kimi baxırsansa, səndən yazıçı olmaz. Bir-iki şeir yazıb, qızlarla şəkil çəkdirib, oğlanlara əl çalmaqla məşğul olacaqsansa, Azərbaycan ədəbiyyatını ləkələmiş olacaqsınız. Bu cür insanlar hər zaman uğursuzluğa düçar olur.
- Azərbaycan Yazıçılar Birliyində elə yazıçı varmı ki, sizin yolunuzu davam etsin?
- Bildirdiyim kimi, Azərbaycan Yazıçılar Birliyinin 2 mindən çox üzvü var. Amma həmin yazıçıların əsərlərini oxumadığıma görə deyə bilmərəm ki, mənim kimi yazırlar. Amma hər bir yazıçının öz dəsti-xətti olmalıdır. Əsərlərim adi oxucularla yanaşı yazıçıları da təsirləndirirsə, bu mənə çox xoşdur.
- Ötən gün 80 yaşınız tamam oldu. Bununla bağlı olaraq, Cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzaladı və təbrik məktubu göndərdi. Təəssüratlarınızı bilmək istərdik...
- Cənab Prezident İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva 80 yaşımın tamam olması münasibəti ilə təbrik məktubu göndərib. Bundan başqa Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Nazirliklər və təşkilatlar mənə gül dəstələri göndəriblər. Buna görə hər kəsə təşəkkür edirəm.
- Bizə son sözünüz...
- Azərbaycan xalqını qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Hər kəsə can sağlığı arzu edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB