Çexiyanın Azərbaycandakı Səfirinin müavini Milli Kitabxanada olub

Çexiyanın Azərbaycandakı Səfirinin müavini Milli Kitabxanada olub

Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müavini Petr Vaqner Milli Kitabxanada olub. SİA-nın məlumatına görə, görüşdə Kərim Tahirov bir neçə il əvvəl Çexiya Milli Kitabxanasına səfər etdiyini, Milli Kitabxananın bir neçə işçisinin də müxtəlif zamanlarda Çexiya Milli Kitabxanasında olduğunu və oradakı Azərbaycana dair əlyazmaların araşdırıldığını qeyd edib.

O, Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Azərbaycan nəfəsli əlyazmalar Praqa Milli Kitabxanasında” (3 didə: Azərbaycan, çex və ingilis dillərində) adlı kataloqun çapa tam şəkildə hazır olduğunu bildirmiş və kataloqun Çexiya Milli Kitabxanası tərəfindən çap olunmasının kitabxananın sabiq direktoru ilə əvvəlcədən razılaşdırılmasına baxmayaraq, yeni direktorun bu məsələnin həllinə kömək etmədiyini bildirib.

Daha sonra direktor iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini nəzərə alaraq və cələcək əməkdaşlığın davamına böyük önəm verdiyini bildirərək bu işdə səfirliyin yardımçı olacağına böyük ümidlər bəslədiyini söyləyib.

Petr Vaqner görüş üçün minnətdarlığını bildirərək mart ayında Praqaya səfəri zamanı kataloqun nəşri məsələsini Çexiya Mədəniyyət Nazirliyində müvafiq şəxslərlə müzakirə edərək müsbət həllinə çalışacağını deyib. O, eyni zamanda Çexiya Milli Kitabxanasından başqa Çexiyadakı digər kitabxanalarda, o cümlədən Praqa Milli Muzeyi Kitabxanasında da Azərbaycana dair əlyazmaların, Nizami Gəncəvinin Xəmsəsinin əlyazmasının olduğunu bildirmişdir. Səfir müavini həmçinin onu da qeyd edib ki, bu günə qədər bir sıra Azərbaycan müəlliflərinin – Mir Cəlal Paşayevin, Mirzə Şəfi Vazehin, Məhsəti Gəncəvinin və digərlərinin əsərləri Çex dilinə tərcümə edilmişdir. Hal-hazırda da müasir Azərbaycan ədəbiyyatı nümunələri Çex dilinə tərcümə edilir və oxucuların böyük marağına səbəb olur.

Petr Vaqner bu ilin iyun ayında Çexiya Respublikasında Azərbaycan Demokratik Respublikasının və Çexiya Respublikasının müstəqilliyinin 100 illiyi münasibətilə Çexiya və Azərbaycan arasındakı əlaqələrdən bəhs edən kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını da vurğulayaraq həmin kitab üçün hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair materialların Səfirliyə təqdim olunmasını da xahiş edib.

Sonda çıxış edən K.Tahirov Çexiyanın digər kitabxanalarında və muzeylərində olan Azərbaycana dair əlyazmaları barədə məlumata görə təşəkkürünü bildirərək lazımi materialların qısa müddətdə Çexiya səfirliyinə çatdırılması barədə göstəriş verib, kataloqun nəşrinə cöstərəcəkləri köməyə görə əvvəlcədən Səfirliyə minnətdar olacağını söyləyib. Qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan musiqi alətləri”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını və Azərbaycan xəritəsini hədiyyə edib.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə