Murad Hüseynovun fortopiano musiqisi axşamları keçirilib

Murad Hüseynovun fortopiano musiqisi axşamları keçirilib
Azərbaycan Dövlət İncəsənət Muzeyində əməkdar artist, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Murad Hüseynovun fortopiano musiqisi axşamları keçirilib. SİA-nın məlumatına görə, konsert dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə keçirilib. Konsert proqramında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Murad Hüseynov bildirib ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Beynəlxalq Musiqi festivalı təşkil olunub. Bu festivala bütün Avropa ölkələrinin tanınmış musiqiçiləri dəvət olunub. Hər bir musiqiçi üçün bu festivalda iştirak etmək böyük sevincdir. Həmçinin mənim üçün də burda iştirak etmək şərəfdir. Bugünki konsertdə Polşanın böyük bəstəkarı Şopenin "Mazurkalar"ı, "Polonez", "Noktyurnlar", valsını, Qara Qarayevin "Prelüdiyalar"nı, Adil Babirovun "Prelyud-skertso"sunu, Fransis Pulenkin "Bal-maskarad"nı, fransız bəstəkarı Moris Ravelin "Sonatino"sunu ifa edəcəyəm".

"Konsertin proqramını pianoçular təşkilatçılarla bir yerdə təyin edirlər. Hər bir bəstəkarın həyatında Üzeyir Hacıbəylinin təsiri var. Onun bütün qələmə aldığı əsərlər dünyada məşhurdur", - deyə o, əlavə edib.

Qeyd edək ki, Murad Hüseynov Bakı Musiqi Akademiyasının məzunudur. Parisdə təhsil aldığı illərdə Fransanın dövlət təqaüdçüsü olub. Beynəlxalq müsabiqələr laureatıdır. Tbilisi şəhərində pianoçuların birinci müsabiqəsində diplomant (1997), Qalliard şəhərində pianoçuların bynəlxalq müsabiqəsinin laureatı (1998), Limojda pianoçuların F.Pulenk adına II Beynəlxalq Müsabiqədə qalib olub.

O, prezident təqaüdçüsüdür. 2005-ci ildə əməkdar artist adına layiq görülüb. Hal-hazırda Ü.Hacıbəyli adına bakı Musiqi Akademiyasının dosentidir.

Bütün xəbərlər Facebook səhifəmizdə