Yaxın günlərdə Azərbaycan Diplomatiya Akademiyasının birinci mərtəbəsində yeni Kitab Mərkəzi açılıcaq. Layihə müəlliflərinin dediyinə görə, ölkədə analoqu olmayan kitab mərkəzi olacaq. SİA-nın məlumatına görə, bu sadəcə kitab satışı mərkəzi olmayacaq. Mərkəzdə yeni ədəbiyyat nümunələrinin təqdimatı, ədəbi müzakirələrin keçirilməsi üçün konfrans zalı, mərkəzə gələnlərin istirahəti üçün kafe, İnternet-klub, yeni kitablarla tanış olmaq istəyənlər üçün oxu zalı da yaradılacaq.

Layihə müəlliflərinin uşaqlara yönəlik ideyaları da var. Uşaqların mərkəzdə kitablarla tanış olmaları, eyni zamanda əylənə bilmələri üçün ayrıca bölmə yaradılır. Burada işləyəcək personal həm maraqlandıqları kitabları tapmaqda uşaqlara yardımçı olacaq, həm də əyləncəli oyunlar keçirəcək. Qaliblərin mükafatı da təbii ki, kitab olacaq.

Yeni mərkəz dünyanın məşhur kitab brendlərini Azərbaycana gətirməyə iddialıdır. Bunun üçün ABŞ-ın, Almaniyanın, Fransanın, Böyük Britaniyanın nəşriyyatları ilə işbirliyi qurulur. Tanınmış kitab brendlərinin Mərkəzdə ayrıca bölmələri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə