Üzeyir Hacıbəylinin 125 illiyində xalq artisti Firəngiz Əlizadənin əsərləri ifa olunacaq

Sentyabrın 18-də Üzeyir Musiqi Günündə bəstəkarın 125 illiyinə həsr edilən beynəlxalq musiqi festivalına start veriləcək. 10 gün davam edəcək festival çərçivəsində keçiriləcək bütün tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvləri bilavasitə yaxından iştirak edəcəklər. Bunu SİA-ya ABİ-nin mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu bildirib.

Məlumata görə, festivalda iştirak etmək üçün ölkəmizə təşrif buyuracaq İsveçrənin "Amaltea" ansamblı və Sinqapurun "Tang" simli kvartetinin konsertlərində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri də ifa olunacaq.

Oktyabrda isə Bakı Musiqi Akademiyası, Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransda Üzeyir Hacıbəylinin yaradıcılığına yeni bir baxış olacaq.

Bundan başqa, noyabr ayında isə "Muğam, məqam və modal musiqinin digər janrları" mövzusunda elmi-simpozium keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...