"Beş dövrün beş paytaxtı" adlı infotur keçirilir

Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni marşrutların yaradılması diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. SİA-nın məlumatına görə, nazirliyin dəstəyi və "A la Carte Travel" turizm şirkətinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin nümayəndələri üçün "Beş dövrün beş paytaxtı” adlı marşrut üzrə infotura start verilib.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov infotur haqqında məlumat verib. Bildirib ki, infotur tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş şəhərləri əhatə edir. Marşruta Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərləri daxildir. Bu şəhərlər bir-birindən fərqli istiqamətlərdə yerləşdiyindən turizm şirkətləri "Beş dövrün beş paytaxtı" turizm marşrutuna daxil olan şəhərlərdən hər birinə və ya bir neçəsinə ayrı-ayrılıqda da tur təşkil edə bilərlər.

İnfotur zamanı bu istiqamətdə yerləşən bir neçə tarixi məkanla tanışlıq oldu. Hacıqabul rayonu ərazisində yerləşən Pir Hüseyn xanəgahı haqqında tur iştirakçılarına geniş məlumat verilib.

Marşrut üzrə ilk ekskursiya "Gəncə - Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı" adlanan proqram üzrə Gəncə şəhərinə təşkil edildi. Azərbaycan tarixində mühüm yer tutmuş bu qədim şəhər tarixi-mədəni abidələrlə də zəngindir. Səfər zamanı bu tarixi irslə tanışlıq oldu. Qonaqlar ilk olaraq Xalq Cümhuriyyəti hökumətinin iclaslarının keçirildiyi indiki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun binasına baş çəkdilər. Daha sonra Xan bağı, Çökək hamam, Cümə məscidi, Cavad xanın türbəsi və eləcə də şəhərin digər gəzməli-görməli yerləri ziyarət olunub. İnfotur nümayəndələrinə bu məkanlar haqqında geniş məlumat verilib.

İnfotur çərçivəsində Bərdə və Qəbələ şəhərləri ilə də tanışlıq olacaq.

"Beş dövrün beş paytaxtı” adlı marşrut üzrə infotur iyulun 4-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə