Turizm üzrə Şurasının növbəti iclası keçirilib FOTOLAR

Turizm üzrə Şurasının növbəti iclası keçirilib FOTOLAR

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Turizm üzrə Şurasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Rafiq Bayramov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Araz Bağırlı təmsil ediblər. Ermitaj muzeyində keçirilən iclası Rusiyanın mədəniyyət nazirinin müavini Alla Manilova açıq elan edərək ölkələr arasında turizm sahəsində əməkdaşlığın perspektivlərini, qanunvericilik təcrübələrinin qarşılıqlı öyrənilməsinin zərurətini vurğuladı, Rusiyada turizm qanunvericiliyinin təkmilləşdirilməsi üçün atılan addımlar barədə məlumat verib.

İclasda çıxış edən R.Bayramov təşkilatçılara öz minnətdarlığını bildirərək Azərbaycanda son illər turizm sahəsində keçirilən islahatlar haqqında geniş məlumat verib. R.Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri, Milli Turizm Təbliğat Bürosunun və Turizm Şurasının yaradılması, ASAN viza və s. layihələrin milli turizmin inkişafına müsbət təsirini də qeyd edib. Natiq həmçinin, ölkəmizdə qlobal miqyaslı tədbirlərin keçirilməsi və bu istiqamətdə Azərbaycan təcrübəsinin yüksək beynəlxalq standartlar formalaşdırdığını da vurğulayıb. MDB ölkələri ilə turizm əlaqələrinə də toxunan R.Bayramov, ölkələri birləşdirən turizm marşrutlar və qastronomik turizm haqqında da danışaraq Rusiyadan olan turistlər üçün Azərbaycanın top 5 ölkə arasında olduğunu bildirib.

Xanım Manilova öz növbəsində qastronomik turizmə marağın böyük templərlə artdığını bildirərək Azərbaycan mətbəxinin zənginliyindən, həmçinin Azərbaycanın Böyük İpək Yolu marşrutundakı önəmindən danışıb.

Daha sonra çıxış edən MDB İcraiyyə Komitəsi sədrinin - icraçı katibinin müavini Konısbek Yusubbekov, Rusiya Federal Turizm Agentliyinin rəhbərinin müavini Sergey Korneyev, Rusiya Etnoqrafik Muzeyinin direktoru Vladimir Qrusman, habelə müxtəlif ölkələrin nümayəndələri turizm sahəsində mövcud təcrübələrini və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün təkliflərini bölüşdülər. Natiqlər Azərbaycanda keçirilən müxtəlif tədbirləri qeyd edərək Azərbaycan təcrübəsinin yüksək beynəlxalq standartlar formalaşdırdığını vurğulayıblar.

Tədbir şəhərin müxtəlif turizm destinasiyalarına ekspert səfərləri formatında davam edərək 21 may tarixində öz işini yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə