“85 yaşlı teatrın 60 yaşlı aktyoru”

“85 yaşlı teatrın 60 yaşlı aktyoru”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının inkişafında özünəməxsus rolu olan aktyorlardan biri də həyatının 40 ildən artıq bir dövrünü bu sənət ocağına bağlayan Əməkdar Artist Rəhman Rəhmanovdur.

Mayın 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə sənətkarın 60 illik yubileyinə həsr olunmuş "85 yaşlı teatrın 60 yaşlı aktyoru" adlı gecə keçiriləcək.

Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, mədəniyyət və incəsənət xadimlərinin, teatrsevərlərin iştirak edəcəyi tədbirdə Rəhman Rəhmanovun yaradıcılıq yoluna nəzər salınacaq, aktyorun tərcümeyi-halını əks etdirən videoçarx nümayiş olunacaq, ona tamaşaçı rəğbəti qazandıran tamaşalarından səhnəciklər göstəriləcək.

Qeyd edək ki, kukla sənətini sevən və çalışdığı teatrın geniş tamaşaçı auditoriyasına tanıdılmasında özünəməxsus əməyi olan aktyor 1974-cü ildən həyatını Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olan aktyorun yaratdığı müxtəlif xarakterli obrazlar buna bariz misaldır. O, Balaqədeş (Anar "Qaravəlli"), Balıqçı (Tofiq Kazımov "Qoçaq Polad"), Div (Mirzəağa Atəş "Cırtdan"), Div və Qədeş (Əli Səmədli "Cubbulunun çərpələngi"), Təkgöz kişi (Tofiq Mütəllibov "Meşə nağılı"), Səfər (Hikmət Ziya "Əkiz qardaşlar"), Oğru (Rəhman Əlizadə "Sindibadın xoşbəxtlik adasına səyahəti"), Qoca zənci (Əli Səmədli "Əzablı günlərin sonu"), Balaqan sahibi (Rada Moskova "Hara qaçırsan, dayça?"), Canavar (Əyyub Abbasov "Keçinin qisası"), Şah (Nicat Kazımov "Ələddin"), Şah (Eldar Baxış "Məlikməmməd") rollarını ifa edib. Bu mənada Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, Azərbaycan xalq nağılları əsasında hazırlanmış "Ağ babanın nağılı"nda Ağ baba, Samuil Marşakın "Pişiyin evi" tamaşasında Nağılçı, Abdulla Şaiqin "Tıq-tıq və Taq-taqın nağılı"nda Siçan, Şarl Perronun "Çəkməli pişik" tamaşasında Şah və başqa bu kimi obrazlar ona böyük tamaşaçı sevgisi qazandırıb.

Rəhman Rəhmanov 2006-cı ildə monotamaşalar festivalında Əyyub Abbasovun "Şəngülüm, Şüngülüm" tamaşası ilə iştirak edib və "Qızıl Dərviş" mükafatı laureatı olub. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 2014-cü ildə Əməkdar Artist fəxri adına layiq görülüb, Prezident mükafatçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə