Turizm və milli mətbəxin inkişafı sahəsində yeni addım

Yaxud, "Turizm və Milli Mətbəxin İnkişafına Dəstək Alyansı" İctimai Birliyi ölkəmizi uğurla təmsil etməyi hədəfləyib
Turizm və milli mətbəxin inkişafı sahəsində yeni addım

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Hazırda dünya üzrə ümumi milli məhsulun, həmçinin, ixracatın 10 faizdən çoxu beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən 1/3-i beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin təqribən 10-15 faizi turizm və onunla bağlı sahələrdə çalışır. Bu rəqəmlər turizmin bütün dünyada nə qədər önəmli bir sahə olduğunu aşkar şəkildə ortaya qoyur.

Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Vaxtilə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı" ölkəmizdə turizm sektorunun dirçəlməsinə təkan verib. 2002-ci ildən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi də bu baxımdan ciddi rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2010-cu il tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" isə ölkəmizdə bu sahənin inkişafı üçün daha ciddi əsas yaradıb. Bununla yanaşı, dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi şəxsən diqqətdə saxlayır və buna ən bariz nümunə 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi olub. Bu addım, şübhəsiz ki, ölkəmizdə turizmin inkişafının yeni mərhələyə qalxmasına öz töhfəsini verib.

Bütün görülən işlərin və əldə olunan nailiyyətlərin əsasında deyə bilərik ki, Azərbaycanın turizm sahəsi böyük perspektivlərə malikdir. Ölkəmizdə turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s. növləri inkişaf edib, hətta, onların daha da genişləndirilməsi üçün əlverişli şərait mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi də bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb.

Əlbəttə ki, söylənilənlərin fonunda Azərbaycan turizminin və bu sahə ilə bilavasitə əlaqəli olan milli mətbəximizin, adət-ənənələrimizin təbliği də xüsusi əhəmiyyət kəsb etməkdədir. Bu işdə isə dövlət orqanları ilə yanaşı ictimai birliklər, təşkilatlar da əhəmiyyətli rol oynamaqdadırlar. Belə təşkilatlardan biri də 2016-cı ildə qeydiyyatdan keçmiş "Turizm və Milli Mətbəxin İnkişafına Dəstək Alyansı" İctimai Birliyidir.

Ölkəmizi uğurla təmsil etməyi hədəfləyən İctimai Birliyin əsas məqsədi Azərbaycanda turizm və milli mətbəxin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, turizm və milli mətbəxin inkişafı istiqamətinə dəstək vermək, müvafiq sahədə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək və tətbiq etmək, ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqələr qurmaq və onlarla birlikdə layihələr həyata keçirmək, dövlət siyasətinə ictimai səviyyədə dəstək verməkdir. "Turizm və Milli Mətbəxin İnkişafına Dəstək Alyansı" İctimai Birliyinin təsisçiləri hesab edirlər ki, onların fəaliyyəti Azərbaycanda turizm və milli mətbəxin inkişafı sahəsində yeni addım olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə