Azərbaycan İşçi qrupunun iclasında iştirak edir FOTOLAR

Azərbaycan İşçi qrupunun iclasında iştirak edir FOTOLAR

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Madriddəki qərargahında "Turizm etikası üzrə Konvensiya"nın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun ikinci iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda BMÜTT-nin Baş Katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, eləcə də İşçi qrupuna 16 üzv ölkənin nümayəndələri iştirak edib.

İclasda Azərbaycanı Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Xatırladırıq ki, 2016-cı ilin 25 aprel tarixində İşçi qrupunun Madrid şəhərində keçirilən ilk iclasında Nazim Səmədov üzvlər tərəfindən yekdilliklə İşçi qrupunun sədri seçilib.

2-ci iclas çərçivəsində "Turizm etikası üzrə Konvensiya" layihəsinin müddəalarına baxılmış, İşçi qrupunun 1-c iclası zamanı əlavə edilmiş fikirlər yenidən təhlil edilmiş, eləcə də BMÜTT Katibliyi tərəfindən 2-ci iclasda baxılması üçün təqdim edilmiş əlavə bənd və müddəalar geniş müzakirəyə çıxarılıb. Bununla yanaşı, 2017-ci il ərzində Konvensiyanın qəbul edilməsi istiqamətində görüləcək mühüm işlər və tarixlər haqqında məlumatlar təqdim edilib.

Xatırladırıq ki, İşçi qrupunun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək Ümumdünya Turizm Təşkilatının Turizm üzrə Qlobal Kodeksi əsasında hüquqi cəhətdən bütün üzv ölkələrə məcburi qaydada şamil oluna bilinəcək "Turizm etikası üzrə Konvensiya"nı hazırlayıb qurumun Baş Assambleyasına təqdim etməkdən ibarətdir.

Sözügedən Konvensiya turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcəkdir. Qeyd edirik ki, sözügedən sənəd BMÜTT-nin ilk Konvensiya sənədi olacaqdır.

Məlumat üçün qeyd edirik ki, 1 fevral 2017-ci il tarixində nazir müavini Nazim Səmədovun Turizm Etikası üzrə Dünya Komitəsinə İşçi qrupunun sədri qismində 2-ci görüşün hesabatını təqdim etməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə