Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirinin müavini Uilyam Qill arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və ABŞ arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar müzakirə olunub.
Azərbaycan və ABŞ arasında birbaşa təyyarə reyslərinin fəaliyyət göstərməsi ilə iki ölkə arasında turist axınının intensivləşdiyi qeyd edilərək, bu reyslərin nəinki Azərbaycan Respublikası vətəndaşları, həmçinin Azərbaycanla qonşu olan ölkələrin vətəndaşları tərəfindən istifadə olunduğu bildirilib.
Görüş zamanı Azərbaycanda viza prosedurlarının asanlaşdırılmasına dair görülən tədbirlər və "ASAN Viza" kimi innovativ mexanizm Səfirlik nümayəndəsi tərəfindən müsbət təcrübə olaraq dəyərləndirilib.
Ölkəmizdə turizm təhsili sahəsində görülən işlərlə maraqlanan U.Qillə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci haqqında məlumat verilib. Nazim Səmədov tərəfindən bir sıra ölkələrlə əməkdaşlıq edən ATMU ilə ABŞ-ın təhsil müəssisələri arasında gələcəkdə əlaqələrin qurulması təklif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB