Turizm və Menecment Universitetində müstəqilliyimizin bərpasının 25 illiyi qeyd olunub

Turizm və Menecment Universitetində müstəqilliyimizin bərpasının 25 illiyi qeyd olunub

Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, yubiley tədbirində ATMU-nun rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanov giriş məruzəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dövlət müstəqilliyinin bərpasının 25-ci il ildönümünün dövlət səviyyəsində təntənəli qeyd olunması haqqında imzaladığı sərəncamı şərəfli vətən tarixinə dərin ehtiramın təzahürü kimi dəyərləndirib. E.Aslanov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr, beynəlxalq təminatın olması səbəblərindən cəmi 23 ay yaşadı. İkinci tarixi şans isə 70 il sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Azərbaycanın müstəqilliyi dünya dövlətləri tərəfindən tanındı. Lakin dövlət müstəqilliyimizin bərpasından təxminən iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Və bu zaman böyük siyasi təcrübəyə malik ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Regionda irimiqyaslı layihələr Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə keçirilən elmi- praktik konfransda t.ü.f.d., dos. M.Zülfüqarlının "Azərbaycan milli azadlıq hərəkatının dövlət müstəqilliyinin bərpasında rolu" və Biznes idarəçiliyi fakültəsinin dekan müavini A. Mirzəyevin "Azərbaycan Respublikasının son 25 ildə əldə etdiyi iqtisadi uğurlar" mövzusunda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Elmi- praktik konfrans geniş fikir mübadiləsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə