“Dərs” filmi “Kinoşok” beynəlxalq film festivalında FOTO

“Dərs” filmi “Kinoşok” beynəlxalq film festivalında FOTO

Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" bədii filmi 25-ci "Kinoşok" beynəlxalq film festivalının "KinoMalıŞok" müsabiqə proqramında yer alıb. MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdiyi festival sentyabrın 3-dən 10-dək Rusiyada keçiriləcək.

"Azərbaycanfilm" kinostudiyasından SİA-ya bildirilib ki, festival çərçivəsində filmimiz Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdiriləcək.

Qeyd edək ki, "Dərs" tammetrajlı bədii filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə