Yeni turizm klasterləri ilə bağlı regional təlimlərə start verilir FOTO

Yeni turizm klasterləri ilə bağlı regional təlimlərə start verilir FOTO

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin (MEMM) təşkilatçılığı və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) işçi heyətinin iştirakı ilə, iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bölgələr üzrə keçiriləcək ilk təlimlərə start verilib. SİA-nın verdiyi xəbərə görə, Gəncə şəhərinin Nizami Gəncəvi muzeyində "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun 31 rayon üzrə nümayəndəsinə "Turizm müəssisələrində mədəni xidmətin təşkili" adlı təlim keçirilib.

Təlim iştirakçılarını salamlayan Gəncə şəhər mədəniyyət və turizm idarəsinin rəisi Sənan Hacıyev və MEMM-in direktoru Asif Usubəliyev təlimin gedişatına uğurlar arzulamış və bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər.

A.Usubəliyev qeyd edib ki, yeni turizm klasterlərinin yaradılmasına, habelə turizm və mədəniyyət sektorundakı problemlərin həllinə xidmət edən layihə davamlı olaraq müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil olunacaq. Sözügedən layihə eyni zamanda Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, mədəni irsinin, turizm potensialının təbliği, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunması, turizm, mədəniyyət və təhsil müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edəcəyini vurğulanıb.

Təlim zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətin təşkili aşılanıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib.

Respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər bitdikdən sonra növbəti mərhələdə gənc mədəniyyət işçiləri ilə turizm müəssisələrinin rəhbərləri arasında görüşlərin təşkili nəzərdə tutulmuşdur.

Təlimin sonunda iştirakçılar xüsusi sertifikatlarla təltif olunmuş və Nizami Məqbərəsinə ziyarət etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə