Xarici turizm şirkətləri və KİV nümayəndələri üçün 18 infotur keçirilib

Xarici turizm şirkətləri və KİV nümayəndələri üçün 18 infotur keçirilib

Son illər turizm sahəsində dövlət siyasətinin ardıcıl icrası qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan turizmin inkişafına öz müsbət təsirini göstərməkdədir. SİA-nın verdiyi xəbərə görə, turizm infrastrukturunun genişləndirilməsi, turistlərə göstərilən xidmət səviyyəsi yüksəldilməsi, həmçinin müxtəlif ölkələrin turizm nümayəndələrinin iştirakı ilə paytaxtımıza və regionlarımıza təşkil olunan infoturlar turizmin geniş təbliğ olunması istiqamətində atılan mühüm addımlardandır.

Cari ilin 6 ayı ərazində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cənubi Koreyanın, Çin Xalq Respublikasının, Rusiya Federasiyasının, Türkiyənin, Fransanın, Qazaxıstanın, Qırğızıstanın, Küveytin, Yaponiyanın nümayəndələri üçün ümumilikdə 18 infotur təşkil olunub. Bu işlərin həyata keçirilməsində Mədəniyyət və Turizm Nazirliyinin xarici ölkələrdəki turizm nümayəndəlikləri, həmin ölkələrdəki səfirliklərimiz, milli və xarici hava yolları şirkətləri yaxından iştirak ediblər.

Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin turizm potensialı, milli mətbəxi, nümayiş obyektləri, əl sənətkarlığı, milli adət-ənənələri və s. nümayiş etdirilmiş, eləcə də yerli turizm şirkətləri ilə bir sıra ikitərəfli (B2B) görüşlər keçirilib.

Qeyd edək ki, infoturların 8-i Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdəki turizm nümayəndəlikləri ilə birlikdə (Rusiyada "Tour A Vent", Türkiyədə "Gateway", İran Körfəzi ölkələrində "Atlantis Holidays", Almaniyada "Aviareps Tourism") həyata keçirilib.

Görülən işlərin əsas məqsədi digər ölkələrdən olan turizm şirkətləri nümayəndələrinin ölkəmizin turizm potensialı ilə tanış olub öz ölkələrindən olan turistlərə Azərbaycan turizm bazarının tanıdılmasıdır.

Gələcəkdə ölkəmizin turizm potensialının xaricdə tanıdılması və Azərbaycana turist axınının təmin edilməsi məqsədilə infoturların həyata keçirilməsi istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə