Milli Azlıqların V Respublika Festivalında dəyirmi masa FOTOLAR
Bakıda keçirilən Milli Azlıqların V Respublika Festivalı çərçivəsində Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən "Bir ailədə" adlı fotosərgi və "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda dəyirmi masa təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, fotosərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycanda artıq 5-ci dəfədir milli azlıqların festivalı təşkil edilir. 2006-cı ildən etibarən Bakıda "Azərbaycan-doğma diyar" devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2008, 2011 və 2014-cü illərdə də təşkil edilən festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb.
Nazir müavini əlavə edib ki, sərginin "Bir ailədə" adlanması təsadüfi deyil. Azərbaycan ta qədimdən müxtəlif mədəniyyətlərin birləşdiyi məkan kimi tanınıb. Müxtəlif xalqlar ölkəmizdə həmişə sülh şəraitində yaşayıblar: "Ulu Öndər Heydər Əliyev deyirdi ki, hər bir ölkə nə qədər müxtəlif mədəniyyətləri özündə birləşdirsə, bir o qədər zəngindir. Çünki hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verir. Təqdim edilən sərgidə biz Azərbaycan ərazisində yaşayan milli azlıqların həyat tərzi və adətləri ilə tanış oluruq. Görürük ki, bu xalqların və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir".
Vurğulanıb ki, dövlət başçısının sərəncamına əsasən 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan olunub. Bu münasibətlə respublikamızda çoxsaylı tədbirlər təşkil edilir. Mədəniyyət və Turizm Nazirliyi digər dövlət orqanları ilə birlikdə azsaylı xalqların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparır. Ölkəmizin ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin bu ilin aprelində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın tolerant ölkə olduğunun mühüm göstəriciləridir.
Çıxışının sonunda Sevda Məmmədəliyeva festivalın işinə uğurlar arzulayıb.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanda yaşayan udin, tat, ləzgi, ingiloy, avar, gürcü, rus, saxur, talış və digər xalqların mədəni irsi öz əksini tapmışdı.
Sonra tədbir "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda dəyirmi masa ilə davam edib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, Azərbaycanda multikultural dəyərlərə həmişə hörmətlə yanaşılıb. Ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişafına dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, çoxsaylı tədbirlər həyata keçirilir: "Ulu Öndər Heydər Əliyev ölkəmizdəki milli azlıqlara çox böyük qayğı ilə yanaşırdı. O, Azərbaycan multikulturalizminin siyasi banisidir. Azərbaycan müstəqilliyinin ilk dövründə Ümummilli Lider Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə, siyasət müstəvisinə keçirdi. Bu gün ümummilli liderin multuikulturalizm istiqamətində vaxtilə həyata keçirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda dövlət başçısı bu həssas məsələyə böyük önəm verir. Son illər azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli işlər həyata keçirilib".
Vaqif Əliyev "Multikulturalizm ili" çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, multikultural dəyərlərin pozulduğu məkanda tənəzzül və qarşıdurmalar qaçılmazdır: "Biz bunun fəsadlarını Avropa ölkələrində daha açıq şəkildə görürük. Azərbaycanda multikultural stabillik davam edəcək, dözümlülük və dəyərlərin qorunması istiqamətində həyata keçirilən siyasət uğurla davam etdiriləcək".
Daha sonra mövzuya dair məruzələr dinlənilib.
Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla, AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev və başqaları məruzə ilə çıxış etdilər. Qeyd olundu ki, Azərbaycan dünyanın ən tolerant ölkələri sırasında ilk beşlikdə yer alır və əsrlərə söykənən tolerantlıq ənənələrimiz bu gün bütün dünyaya nümunədir.
Söylənilib ki, Heydər Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür.
Dəyirmi masada həmçinin "Musiqi dünyası" jurnalının baş redaktoru, professor Tariyel Məmmədov tərəfindən "Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqsləri, folklor nümunələri" adlı disk təqdim edilib.
Tədbir maraqlı müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB