Yaxud mədəniyyətimizin yaddan çıxmış 80 yşlı veteranı
Dürrə xanımın qısa hekayəti

Həyatın min üzünü görmüş, böyük çətinliklərlə üzləşmiş Dürrə xanımla bizim tanışlığımızın çox böyük tarixçəsi var. Bu illərdə mən onu yüksək təfəkkürlü insan və hamıya köməklik edən, məsləhətlər verən xanım kimi görmüşəm. O, çox keşməkeşli bir həyat yaşayıb. Bunu da onun keşməkeşli həyat tarixçəsi ilə yaxından tanış olandan sonra görmək mümkündür.

Dürrə Ülcüxan qızı Şıxverdiyeva 1939-cu il noyabr ayının 17-də Qusar rayonunun Kican kəndində anadan olub. Dürrə xanımın uşaqlıq illəri Böyük Vətən Müharibəsi dövrünə düşdüyündən, atası müharibəyə gedib və bir daha geri dönməyib. Müharibənin ilk illərindən yetimliyin acısını dadan Dürrə xanımgilin, ailələrinin çətin vəziyyətdə oldüğunu görən anası Ayşa xanım onu və qardaşı Remixanı Qusar rayonunda yerləşən yetimxanaya verir. Sonra həmin yetimxana bağıldığına görə Gəncə şəhərində yerləşən 1 nömrəli uşaq evinə yerləşdirilirlər. Dürrə orada 7 illik məktəbi bitirir. Məktəbi bitirdikdən sonra anası Ayşa xanımın yanına qayıdır və bir müddətdən sonra öz doğma Kican kəndində İmanqulu kişi ilə ailə həyatı qurur.

Ailə qurandan sonra Dürrə xanım sənədlərini Bakı Kitabxanaçılıq Texnikumuna verir və oranın mədəni-kütləvi rejissorluq şöbəsinə qəbul olur. Texnikumunda oxuya-oxuya Kican kəndindəki klubun müdiri vəzifəsində çalışır. Dürrə xanım cavanlıq illərindən öz işinə qəlbən bağlandığına görə kəndin mədəniyyəti, mədəni işlər üçün çox iş görüb.

Onun yaşadığı Kican kəndi Şah dağla yan-yana olan təpədə yerləşir. Çox qədim kənd olan Kican bizi qədimlərə aparır. Belə ki, burada qədimlərə aid çoxlu tikililər var. Kənd gözəl relyefdə yerləşdiyinə görə təmiz dağ havası, çoxlu bulaqları, müalicəvi suları ilə zəngin olduğundan insanları özünə gəlb edir. Belə bir kənddə yaşaması Dürrə xanımın da xasiyyətinə müsbət təsir etməklə, onu böyük işlərə həvəsləndirib. Onu böyük uğurlar qazanmağa sövq edib.

Dürrə xanım insanların mədəni istirahəti üçün klub müdiri işlədiyi müddətdə burada teatr kollektivi, çoxlu bədii özfəaliyyət kollektivləri yaradıb. Xalça sənətimizi yaşatmaq üçün klubda xalçaçılıqla bağlı dərnək yaradıb və bu işə həvəsi olan çoxlu qızları, qadınları işə cəlb edib. Elə bu müqəddəs işilə də xalça sənətinin siirlərini gələcək nəsillərə ötürüb. O, öz işini bir kənd çərçivəsində saxlamayıb. Qusar şəhərində də vaxtaşırı Kican kənd klubu kollektivlərinin konsertlərini təşkil edib. Bu kənd klubu kollektivlərinin maraqlı rəqsləri, səhnəcikləri, ifa etdiyi maraqlı mahnılar Qusar şəhər tamaşaçılarının da böyük marağına səbəb olub. Dürrə xanımda olan həyat, yaşamaq eşqi, sənətə olan sonsuz məhəbbətini indi də onunla söhbət zamanı başa düşdük və gördük.

Hətta onun əl yazmalarını oxuyanda, bu yazılar məni çox keçmişlərə qədər aparıb çıxartdı. O, indi təqaüddədir. Klublarımızın, mədəniyyət evlərimizin indiki acınacaqlı vəziyyəti, ora insanların gəlməməsi, bədii özfəaliyyətlə, teatrla məşğul olmaması Dürrı xanıma çox pis təsir edir. Mədəniyyət müəssisələrinin artıq əvvəlki uğurları demək olar ki, yoxdur. 2011-ci ildə ona əmək veteranı kitabçası verilsə də, amma dövlət tərəfindən ona bütün bu xidmətlərinə görə hələ də "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilməyib. Bütüb bu illərdə o, nə üçünsə yaddan çıxıb. Amma məmurlar tərəfində gördüyü bu uğurlu işlərə görə yaddan çıxsa da Dürrə xarım ailəsi və uşaqları tərəfindən heç vaxt yaddan çıxmayıb. Belə ki, Dürrə xanım həyat yoldaşı İmanqulu ilə birlikdə 9 uşaq böyüdüb. 6 oğlan və 3 qız.

Övladlarına da yaxşı təhsil və təlim-tərbiyə verib. Hal-hazırda İmanqulu kişi dünyasını dəyişib. Dürrə xanım Qusar şəhərində kiçik oğlu Mahir və gəlini Salina xanım, iki nəvəsi Ayişə və Omarla bir yerə yaşarır. Oğlu Mahir idmançıdır. Taekvando üzrə Şimal bölgəsində birinci yeri tutaraq, "Qara kəmərə" layiq görülüb. O, ekologiya işçisidir. Gəlini Salina xanım tibb bacısıdır. Övladlarından Əkrəm, Şıxalı, Alina Rusiyada yaşayırlar və işləyirlər. O biri övladları və nəvələri də özlərinin maraqlı həyatını qurublar.

Dürrə xanım bütün bunları görəndə düşünür ki, dövlət tərəfindən çəkdiyim zəhmətin bəhərəsini layiqincə ala bilməsəm də, heç olmasa övladlarım və nəvələrim öz arzularına çatıblar. Bu gün Dürrə xanımı yaşadan da məhz bunlardır. Bu da övladlarına verdiyi tərbiyənin yüksək nəticəsidir. Dürrə xanımın 18 nəvəsi və 3 nəticəsi var. Biz də Dürrə xanıma Ulu Tanrıdan can sağlığı, uzun ömür diləyirik. Arzumuz budur ki, belə yüksək səviyyəli mədəniyyət işçisinin 80 illik yubileyini onunla birlikdə keçirək. Yəqin ki, həmin vaxta kimi ona, layiq olduğu fəxri ad da verilər.

Məhbubə NİYAZQIZI

Şairə- publisist

Bütün xəbərlər Facebook səhifəmizdə