16 illik fasilədən sonra yenidən tamaşaçıların görüşünə gəldi FOTOLAR

16 illik fasilədən sonra yenidən tamaşaçıların görüşünə gəldi FOTOLAR

Sumqayıt şəhər "28 May" diyarşünaslıq evinin nəzdində fəaliyyət göstərən "Xalq teatrı" 16 illik fasilədən sonra yenidən tamaşaçıların görüşünə gəlib. SİA-nın verdiyi xəbərə görə, "Xalq teatrı" yeni kollektivlə Əhməd Orucoğlunun "Qaynana əməliyyatı" komediyasını səhnələşdirib. Məzmuna görə uzun müddət qayğısız qalan qayınana kürəkən və qızlarının başına oyun gətirmək və onlara dərs vermək qərarına gəlir. Lakin bu oyun hamıya çox baha oturur. Əsasən gənclərdən ibarət olan heyət tamaşada yüksək aktyor qabiliyyəti nübayiş etdirə bilib. Gənclərin bu bacarıq və istedadlı oyun qabiliyyəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Amil Babayev, quruluşçu rəssamı Aytən Xanəliyeva, musiqi tərtibatçısı Kazım Əsgərli, səhnə tərtibatçısı Rəşid Qocayevdir.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov tamaşaya baxıb və sonda gəncləri təbrik edib. "Siz səhnənin qaranquşlarısınız, 16 illik fasilədən sonra bunu bacardınız" deyən idarə rəisi belə bir tamaşanın ərsəyə gəlməsində "28 May" diyarşünaslıq evinin direktoru Vüsal Yaqublu başda olmaqla əməyi olanlara təşəkkür edib. O, qeyd edib ki, professosnal teatrların əziyyət çəkdiyi bir vaxtda belə bir kollketivin tamaşası yüksək qiymətə layiqdir və burada səhv axtarmaq lazım deyil, əksinə hərtərəfli dəstək vermək lazımdır ki, bu fəaliyyət davam etsin.

Gənclərə hər zaman dəstək olacağını və əlindən gələn köməyi əsirgəməyəcəyini bildirən Mehman Şükürov onlara fəaliyyətlərində uğurlar arzulayıb, xoş arzularını çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə