Şərhli cizgi filmlərinin təqdimatı keçirilib FOTOLAR

Şərhli cizgi filmlərinin təqdimatı keçirilib FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Кinо Хidməti İdarəsi 1iyun "Uşaqların Beynəlxalq müdafiəsi günü" münasibətilə 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində sağlamlıq imkanları məhdud görmə, eşitmə və nitq qüsurlu uşaqlar üçün tiflo və surdo şərhli "Kirpi balası və alma" "Qız qalası əfsanəsi", və "Lovğa fil balası" cizgi filmlərinin təqdimatını keçirib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən "Sehirli xalat" bədii filminin, "Bahar Əyləncələri", "Balaca çoban", "Çətin məsələ", "Mərhəmətin dadı", "Talada ev", "Təqib" və "Uçan zürafə" cizgi filmləri də təqdim olunub.

Məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli keçirilməsi, cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi, onların informasiya əldə etmə imkanlarının genişləndirilməsi və həyat tərzinin yaxşılaşdırılmasına yardım etməkdir.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman bildirib ki, dünyanın bir çox ölkələrində cəmiyyət bu cür insanlara xüsusi diqqət ayırır. O qeyd edib ki, görmə imkanları məhdud, eləcə də nitq və eşitmə qüsurlu insanlar üçün böyük əhəmiyyət kəsb edən tiflo və surdo tərcümə ilə müşayət olunan filmlərin hazırlanması olduqca vacibdir.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovu "Sərhədsiz incəsənət" layihəsində - görmə, eşitmə və nitq imkanları məhdud uşaqlar üçün tiflo və surdo tərcümə ilə müşayət olnunan filmlərin hazırlanmasında göstərdiyi diqqət və qayğıya görə Fəxri Fərmanla təltif edib.

Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova çıxış edərək, bu proektin əhəmiyyətindən danışıb və gələcəkdə bu kimi işlərin davam etdirilməsi üçün çalışacaqlarını vurğulayıb.

Daha sonra çıxış edən Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru İradə Vəzirova bu işə dəstək verən hər bir kəsə təşəkkür ediblər. Qeyd olunub ki, bu nəcib işi davam etdirmək üçün digər dövlət qurumları da bu təşəbbüsə qoşulmalı, öz maddi və mənəvi dəstəyini "Sərhədsiz incəsənət" layihəsindən əsirgəməməlidirlər.

Sonda tiflo və surdo şərhlə müşayiət olunan "Lovğa fil balası" cizgi filmi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən hazırlanmış konsert proqramı nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə