“Qafqaz irsi” festivalı dünya mətbuatında

“Qafqaz irsi” festivalı dünya mətbuatında

Məlumat verdiyimiz kimi, mayın 15-də Nyu-York şəhərinin Bruklin rayonundakı "Master" teatrının binasında birinci "Qafqaz irsi" festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, festival başa çatsa da, təəssüratlar və tədbir haqqında məlumatlar həm ABŞ-da, həm də başqa ölkələrin bir sıra mətbuat orqanlarında dərc edilməkdədir.

"Qafqaz irsi" festivalı haqqında növbəti məqalə rus icmasının Amerikada rus dilində dərc edilən dərgisində çap edilib. Marina Laqunovanın müəllifi olduğu "Bruklində mədəni irs aylığı" başlıqlı məqalədə tədbirin əhəmiyyətindən söz açılır. Amerikada ilk dəfə təşkil edilən festivalın bundan sonra hər il keçirilməsinin planlaşdırıldığı bildirilir.

Müəllif qeyd edir ki, bu festival Qafqazdan Amerikaya köçüb burada yaşayan ailələrin yeni nəslə öz mədəniyyətlərini tanıtmaq və bununla fəxr etmək üçün əlavə imkan yaradır. Həmçinin, doğma vətənlərindən uzaqda yaşayan gənc nəslin mədəni tərbiyəsində də bu tip festivalların önəmli yeri var.

Yazıda mədəniyyətlərin qovuşması, mədəni dialoq, adətlərin öyrənilməsi, təbliği təqdirəlayiq hal kimi qiymətləndirilir.

M.Laqunova bildirir ki, tədbirdə çıxış edən şəhər meri E.Adams Bruklini "Amerikanın Bakısı" adlandıraraq burada bir çox mədəniyyətin təmsilçilərinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını deyib, tədbirin Nyu-York və Bruklinin mədəni inkişafına töhfə olduğu vurğulayıb. Eyni zamanda Bruklin meri bəyanatında hər ilin may ayının Bruklində "Qafqaz irsi ayı" elan edilməsini diqqətə çatdırıb.

Qeyd edək ki, festivalda "My Way" Uşaq və Gənclərin İnkişaf Mərkəzi, "Pesvebi" gürcü mədəniyyət mərkəzi, "İberians" rəqs ansamblı və "Crane Musiqi Teatrı"nın yetirmələri Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə