Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) AXC-nin yaradılmasının 98 illiyinə, Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunan "Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixindəki rolu" mövzusunda dəyirmi masa keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransın açılışını edən ATMU-nun rektoru professor Cəfər Cəfərov "Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2005-ci il noyabr ayının 5-də və 2016-cı il fevral ayının 18-də Birinci Türkoloji Qurultayın müvafiq olaraq 80 və 90 illik yubileylərinin keçirilməsi haqqında sərəncam imzalandığını, 2006-cı ildə Bakıda Beynəlxalq konfransın keçirildiyini bildirib.
Rektor C.Cəfərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda 90 il əvvəl türkologiyaya dair qəbul olunan qərar və tövsiyyələrin araşdırılması sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünya miqyasında türkoloji tədqiqat mərkəzlərindən biri kimi tanınması, türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılmasında əhəmiyyəti və digər məsələlər öz əksini tapıb: "Bu bir faktdır ki, Birinci Bakı Türkoloyi Qurultayda qaldırılan ortaq türk dili, tarixi, ədəbiyyatı, terminalogiyası kimi qlobal məsələlər bu gün də aktuallığını qoruyub saxlamaqdadır".
"Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixindəki rolu"na həsr olunan tədbirdə çıxış edən ATMU-nun "Tədqiqat və inkişaf"şöbəsinin müdiri tarix elmləri doktoru Şəlalə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu "Xarici əlaqələr" şöbəsinin müdiri Əli Şamil, Universitetin İctimai fənlər kafedrasının müəllimləri-tarix elmləri doktoru Minəxanım Əsədova, dosent Məhərrəm Zülfüqarlı, Dillər kafedrasının müdiri dosent Seyidəli Məmmədli və başqaları 1926-cı il fevralın 26-dan martın 6-na kimi davam edən qurultayın gündəliyindəki məruzələr, iştirakçıların tərkibi, o cümlədən, türk dünyasının dili, tarixi, ədəbiyyatı və türk dillərinin 7 böyük problemi ilə bağlı düşüncələrini bölüşüblər.
Dəyirmi masa iştirakçıları qeyd ediblər ki, perspektiv əhəmiyyətə malik qərarlar içərisində latın qrafikalı yeni əlifbanın kütləvi tətbiqinə türkdilli respublikalardan təkcə Azərbaycanda yaşıl işıq yandırılıb.
Dəyirmi masa Birinci Bakı Türkoloji Qurultaya həsr olunan video-çarxın nümayişi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB