Aida Mahmudovanın sərgisi açılıb FOTOLAR

Aida Mahmudovanın sərgisi açılıb FOTOLAR

YAY Qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisinin açılışı olub. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Sərgidə rəssam Aida Mahmudovanın kətan üzərində qarışıq üslubda işlədiyi "Flower beds", "Landscape", "Indigo", "Rockbed", "Overgrown", "The Coral" əsərləri, habelə "The Shard" heykəltəraşlıq nümunəsi nümayiş olunub.

"Umwelt" (alman dilində "mühit" deməkdir) ifadəsi 1909-cu ildə tanınmış bioloq və filosof Yakob fon İksyukl tərəfindən işlədilib. Bu terminlə o, eyni yaşayış mühitində (ekosistemdə) olan müxtəlif canlıların, o cümlədən insanın cürbəcür xarici siqnallara fərqli reaksiya verməsi faktını izah etməyə çalışıb. Belə ki, iti eşitmə və görmə qabiliyyətinə malik canlılar son dərəcə həssas iybilmə duyğusunun, yaxud xarici mühitlə ultrasəs dalğaları və elektrik sahəsinin köməyi ilə qarşılıqlı təmasda olan canlılara nisbətən dünyanı fərqli, özünəməxsus şəkildə qəbul edirlər. Yeni terminin başlıca məqsədi insanları da yaşadığı ətraf aləmin müxtəlifliyini təsvir etməkdir.

Qeyd edək ki, Aida Mahmudova 1982-ci ildə Bakıda dünyaya gəlib. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. 56-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun "Vita Vitale", Romanın MAXXI Muzeyində və 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" sərgisi buna nümunədir.

Rəssamın fərdi sərgiləri 2013-cü ildə "Barbarian Art Gallery" (Sürix), 2015-ci ildə isə Nyu-Yorkda "Leila Heller Gallery" və Bakıda Müasir İncəsənət Muzeyində keçirilib.

Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə