Kollecdə foruma həsr olunmuş elmi-nəzəri konfrans keçirilib FOTOLAR

Mingəçevir Turizm Kollecində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Forumun Azərbaycanda keçirilməsini ölkəmizin təşkilatçılıq potensialına, multikultural ənənələrinə və dünyəvi sülh, barış və birgə yaşayış anlayışlarına ölkə başçısı başda olmaqla, dövlət qurumlarının və xalqın göstərdiyi həssasiyyət müqabilində beynəlxalq ictimaiyyətin böyük etimadı kimi dəyərləndirib. Əyyub Əyyubov 2016-cı ilin "Multikulturalizm ili" elan olunmasını da beynəlxalq aləmdə dövlətə və xalqa baş ucalığı gətirən amil olduğunu bildirib: "Ulu öndər Heydər Əliyev tərəfindən ən yüksək səviyyədə qorunan tolerant ənənələr bu gün prezident İlham Əliyevin ciddi səyləri ilə daha da mükəmməl şəkildə inkişaf etdirilərək təbliğ olunur. Bu mənada hər bir ölkə vətəndaşı, xüsusilə də pedaqoqlar və yetişməkdə olan gənc nəsil mövcud dəyərlərimizin qorunmasına və təbliğinə davamlı olaraq əməli dəstək nümayış etdirməlidir".

Qeyd edək ki, konfrans çərçivəsində kollecin pedaqoqları Xatirə Rzayeva, İqbal Xudiyev, Eldar Dərişov, İradə Cəfərova və tələbə Cəlil Əhmədov "Azərbaycanın nümunəvi elmi siyasəti və perspektivlər", "Azərbaycan dünyada tolerantlıq nümunəsidir", "Müasir və tolerant Azərbaycan Heydər Əliyevin şah əsəridir", "Azərbaycanda mədəniyyətlərarası dialoq mərkəzinin yaradılması" və "Azərbaycan gəncliyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda" mövzularında məzmunlu məruzələrlə çıxış edib.

Konfransa yekun vuran kollecin direktoru professor Əyyub Əyyubov bu kimi oxşar tədbirlərin Mingəçevir Turizm Kollecində davamlı xarakter daşıyacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə