Ceyhun Mirzəyevin 70 illiyi qeyd olunacaq

Ceyhun Mirzəyevin 70 illiyi qeyd olunacaq

Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və "Azərbaycanfilm" kinostudiyasının təşkilati dəstəyi ilə görkəmli kinorejissor və aktyor Ceyhun Mirzəyevin anadan olmasının 70 illiyi qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, aprelin 29-da keçiriləcək tədbirdə unudulmaza sənətkarın sənət dostları, kinoşünaslar Ceyhun Mirzəyevin həyat yolundan və yaradıcılığından söz açacaqlar.

Qeyd edək ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. 12 yaşı olanda isə "Ögey ana"ya dəvət alıb. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər lentə alıb. O, həmçinin, "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyev 1993-cü ildə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə