"II Britaniya Bahar Film Festivalı”nın mətbuat konfransı keçirilib

"II Britaniya Bahar Film Festivalı”nın mətbuat konfransı keçirilib

Nizami Kino Mərkəzində British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə birgə "İkinci Britaniya Bahar Film Festivalı"nın açılışından öncə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, British Councilin direktoru Elizabet Uayt və Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva festival haqqında məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Leyli Mirzəyeva bildirib ki, festival çərçivəsində 6 film nümayiş olunacaq: "Bu, British Councillə artıq ikinci birgə əməkdaşlığımızdır. Aprelin 30-a kimi davam edəcək festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi əsasında, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı "Bruklin" adlı tarixi dramın premyerası ilə açılacaq.

Ümid edirəm ki, bu layihə ölkələrarası mədəni mübadilənin inkişafına gətirib çıxaracaq".

Çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq son illərdə İngiltərə kinematoqrafiyasının çiçəkləndiyini vurğulayıb: "Adətən, kinematoqrafiya haqqında danışılanda ağla ilk olaraq, Hollivud kinosu gəlir. Lakin, İngiltərə kinosu istər maddi-texniki ehtiyatlar, istərsə də istedadlı kadr resursları baxımından, yüksək səviyyədə inkişaf edir. Son illər ərzində, kino sənayesində parlaq simaların da sayı artıb. Buna "Əli və Nino" filminin rejissoru Asif Kapadianı misal çəkmək olar.

Onu da əlavə edim ki, dünyada istehsal olunan filmlərin 15%-i Böyük Britaniya kinosunun payına düşür.

Festival çərçivəsində ingilis kino sənayesinin ən yaxşı nümunələri təqdim ediləcək. Aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin "Berlin Kino Festivalı"nın qalibi olmuş "45 il", baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi, rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, altı maraqlı və eyni zamanda, çox fərqli filmlər nümayiş olunacaq. Hesab edirəm ki, bir həftə ərzində Böyük Britaniya kinematoqrafiyasının inkişafının şahidi olacaqsız".

Azərbaycanda "İkinci Britaniya Bahar Film Festivalı"nın təşkil olunması münasibətilə, British Councilin direktoru Elizabet Uayt kinematoqrafiya vasitəsilə, dünyaya açıldığımızı bildirib: "British Council Bakıda ilk "Britaniya Film Festivalı"nı 2013-cü ildə təşkil edib. İkinci film festivalı isə "Britaniya Film Baharı" ("British Film Spring") adı altında 2015-ci ildə baş tutub. Məqsədimiz ingilis kinematoqrafçılarının filmlərini azərbaycanlı tamaşaçılara təqdim etmək, eyni zamanda, innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır. Bu ilin "Bahar Britaniya Filmləri Festivalı"nda yeni filmlər təqdim edilir. Ümid edirəm ki, Bakı tamaşaçıları bu filmlərin bir çoxunu izləyəcək".

Festivalda göstəriləcək filmlərin seans cədvəlini təqdim edirik:

"Bruklin"-25 aprel saat 19:00

"Furqondakı ledi"-26 aprel saat 14:30

"Mister Homs"-26 aprel saat 18:30

"Lobster"-27 aprel saat 14:30

"45 il"-27 aprel saat 18:30

"Mister Homs"-28 aprel saat 14:30

"Mənə qulaq as, Marlon" 28 aprel saat 18:30

"Bruklin" 29 aprel saat 18:30

"45 il" 30 aprel saat 14:30

Qeyd edək ki, bütün filmlər Nizami Kino Mərkəzində rus dilində alt yazı ilə olmaqla, ingilis dilində nümayiş ediləcək. Qiyməti 2 manat olan biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə