Xalq artisti 59 yaşını qeyd edir FOTOLAR

Bu gün Azərbaycanın görkəmli kino və teatr aktrisası, xalq artisti Həmidə Ömərovanın 59 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, aktrisa 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. O, 1979-1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm kinostudiyasında, 1992-1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.

Xalq artisti filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasının dosenti olan Həmidə Ömərova "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə alıb.

Aktrisa 1986-cı ildə Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildə "Kinoştrix" verilişinin ssenari müəllifi olub.

Xalq artisti rol aldığı ekran əsərlərindəki Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və başqa rəngarəng obrazları ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə