“Vətənimizə dəstək olaq” mövzusunda elmi seminar keçirilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində "Vətənimizə dəstək olaq" mövzusunda elmi seminar keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, seminarın açılışında Mərkəzin elmi katibi Hüseyn İbrahimov ölkəmizdə baş verən hadisələrə münasibət bildirib və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin baş metodisti Məftun Qulamova "Müasir dövrdə vətənpərvərlik və tolerantlıq" adlı çıxışında tolerantlığın yaranması və inkişafı ənənələrindən söhbət açıb. İştirakçı həmçinin, 2008-ci ildə Azərbaycanda ilk dəfə keçirilən tolerantlıqla bağlı konfransdan, bu konfransda qərb ölkələrinin iştirakından bəhs edib.

Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin baş metodisti Elnarə Hacıyeva isə "Gənc və yeniyetmələrin intellektual inkişafında mədəniyyət müəssisələrinin rolu" adlı məruzəsində müasir dövrdə bir sıra sahələrlə yanaşı, mədəniyyət sahəsinin inkişafından, həyata keçirilən beynəlxalq səviyyəli proqramlardan və onların təcrübələrindən danışıb. Habelə, bu gün inkişaf etmiş Azərbaycanda həmin ölkələrin metodlarından necə yararlandığından söhbət açıb.

Elmi araşdırmalar şöbəsinin metodisti Aynur Həsənova "Dilin ictimai aktuallığı" adlı məruzəsində azərbaycan dilindən söz açaraq, filosofların dil haqqında dediklərindən, onun tətbiqindən, zənginləşdirilməsindən, qorunmasından, istifadə qaydalarından və bölgələrimizdəki dialektlərdən bəhs edib.

Qeyd edək ki, sonda seminarın mövzuları ilə bağlı bir sıra maraqlı fikirlər söylənilib. Mərkəzin direktoru Asif Usubəliyev multikulturalizmlə, tolerantlıqla, vətəndaşlıqla bağlı fikirlərə münasibət bildirərək Azərbaycan multikulturalizminin ölkə diplomatiyasının brendi olduğunu qeyd edib və ölkəmizin dövlət siyasəti, "müxtəliflərin birliyi" olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə