Elmira Abasovaya həsr olunmuş tədbir keçirilib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda görkəmli musiqişünas alim, pedaqoq, ictimai xadim, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının ilk qadın rektoru, professor Elmira Abasovaya həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Sonra görkəmli alim və pedaqoq Elmira Abasovanın həmkarları və tələbələri olmuş musiqişünas alimlər onun həyat və yaradıcılığından, Azərbaycan musiqi tarixində əvəzsiz xidmətlərindən bəhs ediblər.

Tədbirdə AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova, əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, sənətşünaslıq doktoru, professor İmruzə Əfəndiyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru Fərəh Əliyeva çıxış ediblər.

Elmira Abasovanın qızı Kamina Məmmədova görkəmli alimin şəxsi arxivindən bəzi materialları muzeyə hədiyyə edib.

Tədbirdə Elmira Abasovanın yaradıcılıq fəaliyyətini əks etdirən muzey materialları əsasında hazırlanmış sərgi və video-çarx nümayiş olunub.

Tədbir Azərbaycan Respublikasının əməkdar artisti Aleksey Miltıx (violonçel), Beynəlxalq Müsabiqələr laureatı Səidə Tağızadə, BMA-nın professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, BMA-nın tələbəsi Ayan Qurbanova (vokal), BMA-nın professoru, əməkdar artist Gülnaz İsmayılova (vokal), Beynəlxalq Müsabiqələr laureatı Vurğun Vəkilovun (f-no) ifalarında Azərbaycan bəstəkarlarının klassik əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Qeyd edək ki, tədbirdə musiqi ictimaiyyəti, AMEA-nın, Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının professor və müəllim heyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə