Ankara Beynəlxalq Film Festivalının açılışı olacaq

Aprelin 28-i Ankara Beynəlxalq Film Festivalının açılışı olacaq. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, artıq tammetrajlı, qısametrajlı və sənədli filmlərin yarışacağı festivalın münsiflər heyəti təyin olunub.

Festivalda 10 tammetrajlı film "Ən yaxşı film", "Onat Kutlar-ən yaxşı ssenari" və "Mahmut Tali Öngören" xüsusi mükafatına layiq olmaq uğrunda mübarizə aparacaq.

Tammetrajlı filmlərin münsiflər heyətinin rəhbəri rejissor Erden Kıral, üzvləri isə aktyorlar Mehmet Aslantuğ, Ayça Damqacı, Mərmərə Universitetinin nümayəndəsi Şükran Esen və kino tənqidçi Fatih Özgüven olacaq.

"Ən yaxşı qısametrajlı film" uğrunda yarışan 30 ekran əsəri isə rejissor Nesimi Yetikin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Qalib 5 min TL ilə mükafatlandırılacaq.

Qeyd edək ki, artıq 27-ci dəfə təşkil olunan Ankara Beynəlxalq Film Festivalı mayın 8-nə kimi davam edəcək.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə